6-09-2018, 10:02 Oxunub: 109

Unudulmaz hadisə

Elnurə Pirəliyeva

OXUCU KÖŞƏSİ
Mübariz və İlqar çox yaxşı dost idilər. Kiçik yaşlarından hər ikisi Şəkidə bir sinifdə oxumuş, sonra İlqargil Bakıya köçmüşdülər, amma məsafə onlar arasındakı dostluğa əngəl ola bilməmişdi. Onlar tez-tez bir-birləri ilə yazışar, başlarına gələnlərdən nağıl edərdilər.

Bu gün də belə günlərdən biri idi. Mübarizi anası səslədi ki, elektron poçtuna məktub gəlib. Mübariz sevincək otağına qaçdı, kompüterini açdı və İlqarla yazışmağa başladı:
- Salam, İlqar. Necəsən, əziz dostum?
- Yaxşıyam. Sən necəsən, Mübariz?
- Mən də yaxşıyam, İlqar. De görək bu gün mənə nədən danışacaqsan?
- Ötən gün başıma qəribə bir əvalat gəldi. Açığı çox pis oldum. İstəyirəm bu məsələni səninlə bölüşüm və sənin də fikirlərini öyrənim.
- Doğrusu, məni çox maraqlandırdın…
- Keçən həftə sinfimizə yeni bir uşaq gəldi. Bu uşağın ailəsi Qarabağ qaçqınlarındandır. Biz onunla eyni partada otururduq. Keçən gün ondan mənə Qarabağ haqda danışması üçün xahiş etdim. O da mənə laqeydcəsinə Qarabağı görmədiyini, amma ailəsinin danışdıqlarına görə pis bir yer olmadığını dedi. Onun cavabı məni əsəbiləşdirsə də, özümü ələ alaraq ondan “niyə ailəndən Qarabağ haqda kifayət qədər məlumat almamısan”,- deyə soruşdum. O mənə belə cavab verdi:
- Mən Qarabağda yox, Bakıda doğulmuşam. Mənim vətənim Bakıdır. Qarabağdan mənə nə. Amma atamgilin Qarabağ qaçqını olması mənim üçün çox böyük bir şansdır. Çünki onlar məcburi köçkün olduğuna görə ailəmizə çoxlu güzəştlər edilir. Hələ bu harasıdır, qonşumuz deyir ki, məcburi köçkünlərin uşaqlarına ali məktəbə daxil olanda da çoxlu güzəştlər edilir. Məsələn, pullu ixtisaslarda pulsuz oxumaq şansı və daha nələr… Yəni ailəmin qaçqın olması mənə çox fayda verir. O belə danışdıqda, mən artıq özümü saxlaya bilmədim. Ona dedim ki, Qarabağ uğrunda minlərlə vətəndaşlarımız canından keçiblər. Minlərlə insan öz yurd, yuvasından çıxarılıb. Sənsə alçaqcasına öz mənfəətini düşünürsən. Sənə ayıb olsun. Amma mənim sözlərim ona heç təsir də etmədi. Mən isə müəllimdən xahiş etdim ki, məni başqa bir şagirdlə əyləşdirsin. Həmin gündən də onla danışmıram. Eyni zamanda həmin gündən ağlımdan bir sualı da çıxara bilmirəm. Mübariz, görəsən, bütün qaçqınların uşaqları da belə düşünür? -

Dostum İlqar, başına gələn hadisə məni də yaman kədərləndirdi. Mən heç bir zaman düşünməzdim ki, torpağımız haqqında belə fikirdə olanlar da var. Atalarımız yaxşı deyib: “Hər sürünün bir axsağı olur”. Amma mən inanmıram ki, hər bir qaçqın ailəsi Qarabağı öz mənfəət mənbəyi hesab edə. Sən görmürsənmi ki, bu vətənin hər qarışı üçün canından keçməyə hazır milyonlarla övladı var? Mən Şəkidə doğulsam da, heç zaman vətənim Şəkidir deməmişəm. Çünki bizim vətənimiz Azərbaycandır və onun hər qarışı da bizim üçün qiymətlidir. Yaxşı deyib Bəxtiyar Vahabzadə: Şəkili, şirvanlı, qarabağlıyam, Bütöv vətənimə bütöv bağlıyam.

- Mübariz, sən haqlı olsan da, atalar yaxşı deyib: “Milçək kiçik şeydir, amma könül bulandırır”. Mən onla danışandan bəri qaçqınlara qarşı münasibətimdə dəyişiklik hiss edirəm. Əgər onun valideynləri ona düzgün tərbiyə versəydi, o da vətəninin qədrini bilər, vətənimiz haqda belə danışmazdı.
- Yox, İlqar, sən haqlı deyilsən. İnanmıram ki, öz torpağından didərgin düşmüş insanlar vətənin qədrini bilməyə və vətəni haqda övladında doğru fikir formalaşdırmaya. Mən inanıram ki, o da bir gün öz səhvini anlayacaq. Çünki onun, mənim, sənin vətənin yoxdur, bizim vətənimiz var. Hamımızın - bütün azərbaycanlıların vətəni.
- Əlbəttə, Mübariz, vətən hamımızın vətənidir. Amma, görünür, qarabağlılar vətəni daha az sevib ki, vətəni düşmənə verib qaçıblar.
- İlqar, sən yanılırsan. Heç kim öz yurd-yuvasını tərk etmək istəməz. Qarabağlılar son damla qanlarına kimi vuruşublar. Amma silahlı düşmənin önündə əliyalın əhali nə edə bilərdi?
- Əlbəttə, qaçardı.
- Amma bizim xalqımız qaçmadı. Döyüşdü və qəhrəmancasına həlak oldu. Sən bilirsənmi, nə qədər ailə başsız qaldı, nə qədər qadın düşmən əlinə keçməmək üçün özünü öldürdü? Bir nəfərin fikrinə görə, hamını eyni hesab etmək olmaz, İlqar.
- …
- İlqar, mən səni inandırmağa çalışmayacam. Çünki bu qədər şəhid vermiş bir xalqa nə şahid gərəkdir, nə də sübut. Amma mən də sənə başıma gələn bir hadisəni danışacağam.
- Buyur, Mübariz.
- Bir neçə il əvvəl məhəlləmizə yeni bir ailə köçdü. Bu ailə bir yaşlı qadından və biri oğlan, biri qız olmaqla iki uşaqdan ibarət idi. Bu uşaqlar mənimlə eyni məktəbə gedirdilər, amma nə məktəbdə uşaqlarla, nə də qonşularla əlaqə saxlamazdılar. Oğlan qızdan yaşca daha böyük idi. Bizim sinifdə oxuyurdu. Adı Şahin idi. Şahini tərs, qaradinməz bir uşaq kimi tanıyardıq. Dərsdə belə həmişə başını aşağı salar, nə dinər, nə də danışardı. Biz hamımız ona “qaradanqaçaq” deyərdik. Bir gün küçədə top oynayanda Şahinin küçədə bir daşın üstündə oturduğunu gördüm. Mən onun yanına qaçıb onu da oyuna dəvət etdikdə o mənə rədd cavabı verdi. Mən də, digər uşaqlarda Şahinin bu hərəkətlərindən bezmişdik. Mən topu yerə atıb Şahinin üzərinə yeridim. Onun qollarından tutub dedim: “Sənin nə atan var, nə də qardaşın. Ona görə də, daima bayquş kimi tək oynamağa öyrənmisən. Bizimlə də buna görə oynamırsan. Ay bədbəxt, bəs sən nə vaxta qədər uşaqlığını belə tək, tənha yaşayacaqsan?” Şahin başını aşağıya salıb hönkürə-hönkürə, için-için ağlamağa başladı. Mən onun kimi soyuqqanlı birindən belə şey qətiyyən gözləməzdim. O biraz ağlayıb başını yuxarı qaldırdı və üzünü mənə tutub dedi: “Əgər sənin də atanın başını gözlərinin önündə kəssəydilər, anan düşmən əlinə keçməmək üçün özünü diri-diri yandırsaydı, sən də həyata küsərdin. Sənin üçün də oynamağın, yaşamağın mənası olmazdı. Mənim uşaqlığım da onlarla birgə öldü”. Sonra ağlaya-ağlaya evlərinə getdi. Mən eşitdiklərimə inana bilmirdim. Bu necə bir faciə idi? Səhər müəllimdən Şahinin ailəsi haqda soruşanda, o mənə dedi ki, onların əsli Xocalıdandır. Şahinin atası, anası və qardaşı Xocalı faciəsinin qurbanı olmuşdu. Şahin və bacısı isə torpaqlarından qaçqın düşüblər, onlara indi nənələri baxır. Mən aylarla Şahinin üzünə baxa bilmədim. Bir gün Şahinin tək oturub ağladığını gördüm. Ona yaxınlaşıb qucaqladım. Dediklərimin hamısı üçün ondan yalvararaq üzr istədim. Sonra isə Şahinə dedim: “Bu vətənin hər bir atası sənin atan, hər anası sənin anandır. Mənsə bu gündən sənin qardaşınam. İnan ki, vaxt gələcək xalqımıza belə vəhşi faciələr yaşadan məxluqlar şəhid balalarının göz yaşlarından yoğrulmuş qan dənizində boğulacaqlar.” Şahinin əlindən tutdum və birgə bütün dünyaya üz tutub bağırdıq: “Yaşasın Vətən. Məhv olsun alçaq düşmən”.
İllərlə, hətta indi belə unuda bilmirəm bu hadisəni. İndi de mənə, İlqar. Hansı yardım, hansı güzəşt Şahin və minlərlə Şahin kimi gənclərin dərdinə dərman ola bilər?

- Mübariz, sənin danışdığın bu hekayədən sonra öz düşüncələrimdən utandım. Şahinin başına gələnlər mənim ürəyimi bu qədər yandırdısa, düşünə bilmirəm ki, Şahin nə qədər əzab çəkir. İndi anlayıram ki, öz yanlış düşüncələrimlə minlərlə məsumun, yetimin haqqını çiynəmişəm. Ar olsun mənə. Nə deyəcəyimi, nə edəcəyimi bilmirəm. Amma bir tək şeyi bilirəm ki, ömrüm boyu alçaq düşmənlərə qarşı vuruşacaq və son damla qanımı da vətən yolunda axıdacağam.
- Bax indi səninlə fəxr elədim, dostum. İndi səninlə vidalaşıram. Növbəti məktublaşmağımızı səbirsizliklə gözləyəcəm… VƏTƏN əmanəti.
- Mən də. Özünə yaxşı bax. VƏTƏN əmanəti.
Şərhlər : 2 Şərh yaz
İko 7 sentyabr 2018 12:42  

 Hekayesini Qarabağlilara hesr etdiyi űçűn Elnure xanima teşekkur edirem. Uğurlar. Allah heç kimi evinnen eşiyinnen didergin salmasin tezlikle her bir Qarabağlim oz yurduna torpagina qayitsin InsAllah.

Nərgiz 7 sentyabr 2018 13:37  

Çox təsir etdi mənə.Sizdə çox sağ olun Elnurə Xanım

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti