28-05-2018, 23:19 Oxunub: 195

Biz Cümhuriyyətik

Heydər Əhmədov

OXUCU KÖŞƏSİ
Bir zamanlar sadəcə düşüncələrdə olan bir fikrin həyata keçməsinin 100 cü ili tamam olur. Çox çətin və bir o qədər də qeyri-müəyyən ortamda ülvi xəyallarını, bütün varlıqları ilə sarıldıqları ideyalarını, əzm, məhəbbət və yüksək iradə sərgiləyərək ortaya qoyub, Azərbaycan xalqını, dövlətini və məfkurəsini yaratdılar. Təbii ki, bu əsərin ərsəyə gəlməsi asan olmadı. Böyük fədəkarlıqlar və tavizlərlə varlıq qazandı.

Ən böyük bədəli də, daha sonrakı illərdə, ömürlərinin sonuna qədər olan mühacirət, vətən həsrəti, yaxınlarının faciəsiylə ödədilər. Bəli, bu yüksək dəyərə sahib şəxslər, çoxlarının həyatı boyu sahib olmaq üçün çalışdıqları varlıqları, Azərbaycan dövlətçiliyinin yaranması və yaşaması üçün qurban verdilər. Sadəcə bunu düşünmək belə o insanlarla eyni xalqın nümayəndəsi olmaqdan qürur duydurur.

Qurucular tariximizdə bu şəxslərin olması, xalq olaraq ən böyük zənginliyimizdir. Bugünkü Azərbaycan Respublikası 1918 ci il 28 may tarixində yoxdan var edilən Azərbaycan Demokratik Respublikasının ən son halıdır. Bu bir əsrlik dövlətçilik tariximizdə üç dəfə əlifba, 5 dəfə bayraq, 3 dəfə idarə sistemi dəyişiminə məruz qalmışıq. Qurulduğumuz zaman 97 300 kvadrat kilometr olan torpaqlarımızın, hal-hazırda 69.300 kvadrat kilometri nəzarətimiz altındadır. Dövlətin varlığı üçün gərəkli olan üç əsas amil var: torpaq, insan və suverenlik.

Bir əsrlik dövlətçiliyimizə təhdit oluşdurmaq, ortadan qaldırmaq üçün hər zaman bu üç faktor hədəf nöqtəsində olmuşdur. Obyektiv olaraq baxdığımızda 3 dəyərin bizim adımıza, Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan xalqı və xalqımızın öz müqəddaratını həlletmə, torpağında əsas söz sahibi olmaq haqqı verən Konstitusiyamızdır. Bu amillərin hərəkətverici qüvvəsi isə milli institutlardır. Hər bir institut bir qaladır. Bu qalalara vurulan zərbələr dövlətçiliyin əsasdan çökməsinə, xalgın köksüzləşməsinə, milli təfəkkürün sönməsinə, mövcudiyyətin həm siyasi həm də fiziki sonlanmasına gətirib çıxarır. Azərbaycan Xalq Cümhuriyyəti və qurucu babalarımız, bizim ən önəmli milli instutlarımızdan biridir. Bu fikriyyata sahib çıxmalı, qoyduqları idealları yaşatmalı, yarıda buraxmaq zorunda qaldıqları palanları bizlər dəvam etdirməliyik. O zaman özünü isbat etmiş bir xalq olaraq, azərbaycanlı olaraq, 60 milyonluq (dünya azərbaycanlıları) bir ailə olaraq, çağdaş mədəniyyətlər sırasında yer alacaq, sosial ədalətin, demokratiyanın keşikçisi olacağıq. Necə ki, 100 il əvvəl bu gün, qədim Şərqin ortasında bunu etmişdik.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti