25-05-2018, 23:06 Oxunub: 875

"Əsrimizin Siyavuşu" əsərində Azərbaycan obrazı

Elnurə Pirəliyeva

OXUCU KÖŞƏSİ
Məmməd Əmin Rəsulzadənin AXC-nin fəaliyyətinə həsr etdiyi "Əsrimizin Siyavuşu" əsərinin baş qəhrəman olan Siyavuş Firdovsinin "Şahnamə" əsərindən götürülmüş bir obrazdır. M.Ə.Rəsulzadə bu obraz vasitəsi ilə keçmişdən başlayaraq, cümhuriyyət dönəminin də daxil olduğu böyük bir tarixi arealı xarakterizə edib.

Məmməd Əmin Rəsulzadə kimi bir vətənpərvər, əlbəttə ki, Siyavuş obrazını yersiz işlətməyib. Bəs böyük mütəfəkkirin əsərini belə bir obrazın üstündə qurmasının məqsədi nə idi? Siyavuş obrazı yarı türk, yarı fars mənşəlidir. Siyavuşun anası türk qızıdır. Atalarımız yaxşı deyib: “Süd ilə girən sümüklə çıxar”. Siyavuşun daxili saflığı, sülh tərəfdarı olması, yəni onu Siyavuş edən insani keyfiyyətləri ona ana südü ilə aşılanmışdı. Maraqlıdır ki, Siyavuşla bağlı hissə də biz Siyavuşu əsl türk xislətli biri kimi tanayırıq. O, həm cəsarət, həm mərhəmətdə əsl türkü andırır. Böyük ustad da başqasını yox, məhz bu obrazı əsərinə gətirməklə sanki türk və farsı müqayisə edir. Üstünlüyü türkə verir. Ustad “Siyavuşun qısaca əhvalı” hissəsində türklərə rəğbətini və Siyavuşun bir türk olduğunu belə ifadə edir: “Bu Azəri heykələ Siyavuş adı verdilər”.

Bəs Siyavuş sözünün mənası nədir? Siyavuş - fars mənşəli söz olub, mənası “igid atlı” deməkdir. Türk xalqlarının inancına görə at muraddır. Siyavuşu da müəllif keçmişdən bu günə qədər xalqın arzusunun, ümidinin simvolu kimi əsərində təsvir edib. Deməli, bu obrazdan istifadə etməkdə müəllifin əsas məqsədi həm türkün keçmişi və bu gününü bir-birinə bağlayan bir körpü yaratmaq, həm də AXC-ni Siyavuş adlandırmaqla xalqın qanadlanan arzularını simvolizə edən quruluşun xalqa məxsusluğunu və xalqı tərənnüm etdiyini göstərmək idi. Maraqlıdır ki, Siyavuşun hekayəsini nağıl etdikdən sonra müəllif “Siyavuşla bağlı nöqtələr” adlı yarımbaşlıqda Siyavuşa öz münasibətini bildirir və onu nəinki, iranlılarla müqayisə edir, hətta Siyavuşu bütün dünyaya qarşı qoyur. Burda müəllif tarixin böyük İskəndərini də “birlikçi” adlandırır. Lakin Siyavuşu, yəni türk soylu qəhrəmanı onlardan fərqləndirərək yazır: “Yalnız Siyavuşun digər birlikçilərdən fərqi budur ki, o, birliyi düşmənlik və zorlama ilə deyil, barış və ittifaqla meydana gətirmək istəyir”. Bununla müəllif Siyavuşun timsalında Azərbaycan xalqının sülh tərəfdarı olması ideyasını, haqlı olaraq, irəli sürür.

Əsərin “Əfsanədən həqiqətə” adlanan hissəsində isə əvvəl pəhləvanlıq dövrü adlandırılan bir dönəmdən məlumat verilsə də, sonra xalqın hakimiyyəti ələ almasından danışılır. Xalq hakimiyyətə keçəndə isə, artıq çobanlar yox, ziyalılar hakimiyyətdə olurlar. Bu zaman biz müəllifin maraqlı bir fikri ilə qarşılaşırıq: “Əsli zaman qəhrəmanları üzərində qanın gördüyü işi, indiki millətlər üzərində mədəniyyətlər və idealogiyalar görməkdədir”. Burdan belə nəticəyə gələ bilərik ki, Əfrasiyabın qanla iş gördüyü vaxtda Siyavuş mədəni cəhətdən hər şeyin həllinə yönəlirdi. Digər tərəfdən M. Rəsulzadə belə yazır: “Tarixin qəhrəmanlıq dövrü deyilən əski bir qismi vardır. Hər bir millətin tarixi buradan başlayır”. Yəni türk xalqı bu mərhələni digər xalqlardan çox-çox əvvəl keçib. Deməli, müəllif bununla xalqmızın tarixinin və mədəniyyətinin qədimliyinə işarə edir. Bununla kifayətlənməyən müəllif skiflərin, midyalıların da türk olduğuna dair nümunələr gətirməklə türk mədəniyyətinin tarixi qədimliyini sübut edir. İran-Turan müharibələrinin getdiyi Şimali İran və Cənub-Şərqi Qafqazın türkə, ya farsa aid olub olmaması haqda daim mübahisələr olduğu göstərilir. Lakin sonra müəllif qeyd edir ki, indi həmin ərazilərə Moskva qartalı gəlib. Əsərin bu yerində biz yazıçı Məmməd Əmini yox, böyük bir siyasətçini görürük. O, ustalıqla qeyd edir: “Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar”.

Bu zaman bir sual bizi düşündürür. Azərbaycan xalqı əsrlər boyu farsdan ayrı bir millət olduğunu dərk etməmişdi? Əlbəttə ki, dərk etmişdi. Müəllif böyük bir məharətlə İran sözündən əsər boyu iki mənada, yəni Cənubi Azərbaycanın və İran Respublikasının simvolunda istifadə edir (axı Cənubi Azərbaycan İranın tərkibinə daxildir). Xalq ərazicə ikiyə parçalansa da, yenə də onlar bir-birinə doğmadır. Ona görə də, şimallı, cənublu xalqımızda rusların gəlişi ilə milli özünüdərk prosesi başlayır. Böyük ustadsa, bu prosesi çox incə bir şəkildə əsərdə verir. Rus məngənəsi türklərin “ergenekon”u kimi təsvir edilir. Bundan isə qurtulmaq lazım idi. Rusiyada olan üsyan burdan çıxış oldu. Artıq türk dünyası öz Siyavuşunu gözləyirdi ki, bu da Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq cümhuriyyəti oldu. Biz əsərdə iki Siyavuş görürük. Biri tarixin ən qədim səhifələrində əsl türk kimi ad qoymuş cəngavər Siyavuş, digəri isə Şərqdə ad qoyan, bütün azərbaycanlıları təmsil edən müasir Siyavuş (AXC).

Məmməd Əmin Rəsulzadə əsərində qədim və müasir Siyavuşları müqayisə edərkən hər cəhətdən Siyavuşu özümüzünkiləşdirir. Bu zaman ilk diqqəti ərazi məsələsinə yönəldir. Firdovsi əsərində ən yaxşı ərazinin Siyavuşa verildiyini göstərir. Həmin ərazi də indiki Azərbaycan torpağına uyğun gəlir. Bu bol sərvətli yurdumuz isə nəinki tarixən, elə daim diqqət mərkəzində olub. Bunun nəticəsi idi ki, Rusiya torpağımızdan əl çəkmək istəmirdi. Müəllif böyük bir təntənə ilə Azərbaycanın hərtərəfli zənginliyini, neftini, qazını, iqtisadi həyatını təsvir edərək əsl siyasətçi kimi qeyd edir ki, kim buranı ələ keçirsə, əlbəttə ki, qələbə onun olar. Deməli, Azərbaycan ərazilərinə göz dikənlərin əsas məqsədi həm qələbəni təmin etmək, həm də Azərbaycanın siyasi-coğrafi, sosial-iqtisadi şəraitindən istifadə etməklə qonşu dövlətləri də özlərindən asılı vəziyyətə salmaq idi.

Müəllif sonra bizi müasir Siyavuş, yəni AXC və onun fəaliyyəti ilə tanış edir. Məmməd Əmin Rəsulzadə yazırdı: “Hər şeydən əvvəl, Azərbaycan Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının bərabər yaşaması üzərində qurulmuşdur”. Bu zaman biz görürük ki, keçmişdən bu günə kimi Siyavuşun məqsədi heç dəyişməyib.

Əsərin “AXC-nin fəaliyyəti” adlanan hissəsində müəllifin ilk işarə etdiyi məsələ əsgər ehtiyacı məsələsidir ki, əvvəl türklər tərəfindən bu ehtiyac ödənirdi, amma onlar buranı tərk etməli olduqda vəziyyət dəyişdi. İndi ordunu qurmaq sayları çox az olan azəri zabitlərin öhdəsinə buraxılmışdı. Buna baxmayaraq, xalqımız buna nail ola bildi. Hətta, bu ordu tez bir zaman içində Lənkəranı da AXC-nin tərkibinə daxil etdi. Cümhuriyyət ilk qurulduqda Xəzər dənizində sahibliyə malik deyildi, lakin 6-7 ay içində Xəzəri də fəth etdilər. Məgər bu xalqımızın igid oğullarının cəngavərliyini xarakterizə etmirdimi? Artıq daxili sabitliyi bərpa vaxtı gəlib çatmışdı. Anarxiya nəticəsində dəmiryolları, körpülər, stansiyalar və s. bərbad vəziyyətə düşmüşdü. Lakin AXC tez bir zamanda sabitliyi bərpa edə bildi. Bunun üçün zabitə sistemini yaratdı. Xaraba qalmış yerlərin inşasına yenidən başlandı. Dəmir yolu, teleqraf ustaları hazırlamaq üçün məktəblər açıldı. Yəni hakimiyyətdəkilər yaxşı başa düşürdü ki, xalqa təhsil vermək, onu maarifləndirmək lazımdır. Ona görə də, nəinki məktəb yaşlılar, hətta məktəb yaşından böyük vətəndaşlar üçün də gecə kursları açıldı. Maarif sahəsində qadınlar da kişilərlə bərabər səviyyədə tutulurdu. Təbii ki, orta təhsillə kifayətlənmək olmazdı. Buna görə də, cümhuriyyət dönəmində Bakı Dövlət Universiteti açıldı. Eyni zamanda xalqımızın gələcəyi üçün gələcəyimiz olan gənclər müxtəlif ölkələrə təhsil üçün göndərildilər.

Müəllif daxili sabitliyin bərpasından sonra birbaşa olaraq təhsildəki yenilikləri boşuna təsvir etmirdi. Burda müəllifin əsas məqsədi AXC-nin əsl uzaqgörən siyasət yürütdüyünü vurğulamaq idi. Həqiqətən də, ancaq millətini, xalqını düşünən bir dövlət belə bir siyasət yürüdə bilərdi. Bununla yanaşı, müəllif əsərdə xalqımızın övladlarına dost-düşmənimizi də tanıtmağı unutmur. Bu zaman biz istiqlalımza ilk sevinən ölkənin - Türkiyənin təsvirini əsərdə görürük. Bildiyimiz kimi, Türkiyədə də bu dönəmdə vəziyyət ürəkaçan deyildi, amma müəllif Türkiyənin öz dərdini kənara buraxaraq bizim qələbəmizə sevinməsini əsərdə böyük bir fəxrlə vurğulayır: “Sülh konfransı Azərbaycan istiqlalı təsdiq etdiyi zaman Türkiyə öz mühitini unutdu, İstanbul böyük təntənə etdi, mitinqlər keçirdi”. Bununla da, bir daha müəllif söyləmək istəyir ki, bir türkün qələbəsinə ən çox əlbəttə ki, bir türk sevinə bilərdi və belə də oldu.

Təkcə öz daxilində deyil, eləcə də, xarici ölkələr tərəfindən müstəqilliyi tanınan, dövlətlər arasında öz sözünü deyən AXC artıq əksəriyyəti qorxudurdu. Bunun üçün də, AXC-nin təşkil etdiyi siyasi görüşləri belə xalqımıza qarşı istifadə edirlər. Bir tərəfdən türkləri aldadırlar ki, azərbaycanlılar ingilislərin sağlığına içir, digər tərəfdən isə guya Rusiyanın türklərə köməyə getməsinə azərbaycanlılar razı olmurmuş deyə şayələr yayaraq, vətənimizin işğalına zəmin hazırlayırdılar. Amma Məmməd Əmin bəy Rusiyanın türklərə kömək vəd etdiyi zaman Atatürkə məktub yazaraq bildirmişdi ki, onların məqsədi sizə kömək etmək yox, Bakını işğal etməkdir. Əfsus ki, hamını özü kimi mərd hesab edən türk xalqı rusların belə alçaqlıq edəcəyinə inanmadı. Nəticəsini isə xalqımız çox dəhşətli şəkildə ödədi.

Əsərdə müəllif Firdovsini fatalist olmaqda günahlandıraraq yazır: “Onun hər qəhrəmanı başına gələcəkləri ya yuxuda görür, ya da ilahidən eşidir”. Maraqlısı da bunda idi ki, Məmməd Əmin bəy özü də sanki bir fatalist idi. O, öz uzaqgörənliyi ilə olacaqları əvvəlcədən görürdü. Bəlkə də, müəllif Firdovsinin simasında özünü tənqid etmək istəmişdi. Hətta, o inanırdı ki, bir gün Siyavuşun igid oğulları onun qanını alaraq, yenidən müstəqilliyimizi bərpa edəcək. M. Ə. Rəsulzadənin bu düşüncəsi də özünü doğrultdu. 1991-ci ildə Siyavuşun davamçılar olan Firidunlar ayağa qalxdı və müstəqilliyini bərpa etdi.
Şərhlər : 3 Şərh yaz
ali 11 avqust 2018 15:55  

Cox ugurlu bir metindir tebrik ederim seni can kardeşim

ali 11 avqust 2018 15:56  

Tebrik ederim seni cok başarili bir metindir can kardeşim

Veydəddin Pirəliyev 30 noyabr 2018 21:49  

Yaxşı paralel parırsan. Bədii cəhətdən də keyfiyyətlidir. Durğu işarələrinə və qrammatik qaydalara, əsasəndə, vasitəli və vasitəsiz tamamlıqlara diqqət yetir. Əladır!

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti