9-07-2017, 17:28 Oxunub: 136

Kino bizə nə deyir

Ceyhun Mirzəli

OXUCU KÖŞƏSİ
Kino bizə nə deyir - Yaşamaq

Təkcə yolçular yürümür, həm də yollar da yürüyür                                  

Məhəmməd İqbal

İmou Çjanın 1994-cü ildə çəkdiyi “Yaşamaq” filmi dünya kinosunda dramaturji istiqamətinə və mövzusuna görə seçilən filmlərdəndir. Film “Kann” festivalında “Qran-pri” ən yaxşı xarici dilli film kimi “Qızıl Qlobus” mükafatını qazanıb.

İnsanların həyatında xoşbəxt və bədbəxt anlar olduğu kimi, xalqların da həyatında bu anlar olur. Yaşamaq filmində bədbəxt həyat –Xui Fuquinin(Ge You) həyatı Çin xalqının XX əsrdə keçdiyi həyatla bütövləşir. Film standart ailə həyatı probleminin göstərilməsi ilə başlanır. Qumara qurşanan Xui Fuqui evini qumarda uduzmalı olur. Həyat yoldaşının ondan ayrılması, atasının qəzəbdən ölümü onun bir növ cəzasını başa düşüb bu yoldan çəkilməsi ilə nəticələnir. Bundan sonra o, dəmirdən hazırlanan milli kukla alətini oynatmaqla, pul qazanmağa başlayır. Oyun pərdəsinin süngü ilə deşilməsi epizodu  Xuinin vətəndaş müharibəsinə atılmasına səbəb olur. O, kuklalarla əsgərlərin qarşısında da çıxış edir. Burada biz müharibənin mədəniyyət qarşısında yenildiyini görürük. Çinin milli kukla teatrı məktəbi bu səhnədə öz əzəməti ilə ortaya çıxır .Vətəndaş müharibəsinin bitməsi, Xuinin növbəti dəfə öz aləti ilə əsgərlər qarşısında tamaşa göstərməsi, həm də vətəndaş müharibəsinə milli mədəniyyətlə etirazın göstəricisi sayıla bilər.                                            

Müharibə bitdikdən sonra evinə qayıdan Xui ailəsinə geri qayıdır. Bu zaman xanımı və iki övladı ilə yeni bir həyata başlamaq ümidi yaranır. Çindəki kommunist rejiminin güclənməsi insanların həyatına ciddi təsir edir. Bununla biz filmdə cəzalandırılma növbəsini görürük. Əvvəlcə Xuinin evini qumardan sonra əldə edən qonşusu kiçik burjua kimi güllələnir. Daha sonra sovetlərdə tətbiq olunmuş hərbi kommunizm siyasətinin iyrəncliklərini qarşıdakı epizodlarda görürük. Hökumət nümayəndələri silah hazırlamaq üçün evlərdəki dəmir əşyaları almağa başlayır. Xuinin balaca oğlu onun kukla oyuncağını ortaya çıxarır. Onun dəmir alətlərini çıxarıb aparırlar. Bununla kukla istifadəsiz hala gəlir, Xui növbəti itkiyə məruz qalır.      

Filmdəki dramaturji gediş sıx şəkildə ictimai-siyasi proseslərlə bağlıdır. Fuqui ailəsi növbəti faciələri ilə qarşılaşırlar. Yuxarıda dediyimiz cəzalanma növbəsi filmin həm dramaturji, həm də mənəvi istiqamətinin müəyyənləşdirilməsində ciddi rol oynayır. Onların öz oğlanları məktəbə gələn komissiya nümayəndəsinin avtomobil qəzası etməsi ilə həlak olur. Daha sonra isə  ailə həyatı quran qızları dünyaya uşaq gətirəndən sonra ölür. Buna səbəb isə “Mədəni İnqilab” adlandırılan dövrdə aparılan repressiyalardır. Savadlı həkimlərin represiyya edilməsi bu faciəyə yol açır.

Yuxarıda XX əsr İslam dünyasının fikir adamlarından biri olan M.İqbalın fikrini səbəbsiz şəkildə yazmamışam. Düşünürəm ki, bu kəlam “Yaşamaq”  filminin süjet xətti və mövzusu ilə yaxınlıq təşkil edir. Çünki Fuquilər ailəsi sanki film boyu hərəkət etmirlər. Getdikləri həyat yolu onları özləri ilə birgə aparır. Filmin sonunda onların həyatda qalan nəvələrini böyütmələri göstərilir. “Yaşamaq” filminin bu epizodla bitməsi filmin öz adını doğrultmasının göstəricidir.

“Səhər”ə bu gündən baxış

Sovet hakimiyyəti bədii əsərlər və filmlər vasitəsi ilə o dövrün dili ilə desək, “zəhmətkeş” təbəqəyə təsir etməyə çalışırdı. 1960-cı ilə Mehdi Hüseynin ssenari müəllifi, Ağarza Quliyevin rejissoru olduğu “Səhər” filmi bu qəbildən olan filmlərimizdən biridir. İdeoloji xətli olmasına baxmayaraq, bu filmi bu gün baxımından dəyərləndirməyi lazımlı hesab etdim.

Film sosial siniflər arasındakı mübarizədən bəhs edir. Rəhim bəyin (Ələsgər Ələkbərov) neft mədənlərindəki tətillər, özünün dediyi kimi onu “əldən salımış” durumdadır. Rəhim bəy fəhlələrdən biri olan Bayramı (Giuli Çoxanolidze) pulla ələ almaq istəyinə çatmır. Bunun əksinə Bayram sahibkara qarşı üsyan bayrağı qaldıran lider kimi meydana çıxır. Filmi bir qədər diqqətlə izləyəndə Rəhim bəyin əslində talesiz durumda olması görünür. Onun ailəsində də problem var. Qızı digər inqilabçı Aslanı (Lütfi Məmmədbəyov) sevir. Oğlu Rəşid isə erməni qızı Süsəni sevir. Bu konteksdə Rəhim bəy milli vurğulu ifadələri işlətsə də, yenə də uğursuzluğa düçar olur. Bu baxımdan bugünkü baxışda filmdəki daxili insani problemlər bir qədər ictimai motivləri ikinci plana sala da bilir. Buna baxmayaraq, ictimai mübarizə xətti insanların şəxsi xoşbəxtliyinə mane olur.

Bayram həbsxanaya salındıqdan sonra Aslan tətil hərəkatının öncülü olur. Onun atası usta Mirəli mühafizəkar dindar xarakterə sahib bir insandır. Ona görə də tez-tez oğlu ilə mübahisə edir. Rəhim bəy Aslanı Abuzər bəyin vasitəsi ilə öldürür. Film boyu oğlu ilə mübahisə edən usta Mirəli filmin sonunda oğlunun qisasını alır. Bu isə sovet ideologiyasının filmə təsirindən xəbər verir .

Yuxarıda qeyd etdiyimiz kimi sosial mübarizə insanların xoşbəxtliyini əlindən alır. Bugünkü nəzərlə baxdıldıqda aşağı sinifdə olan Usta Mirəli ilə sahibkar Rəhim bəy haradasa ortaq taleyi yaşayırlar. Bu isə həyatda hər bir hadisənin proletar mübarizəsi ilə bağlı olmadığını açıq göstərir. Rəhim övladı Rəşid üçün mal-mülk tiksə belə onu bir növ çarəsiz hala salır. Rəşid özünün dediyi kimi boğulur. Burada sinif fərqi olmadan iki yazıq ata obrazı da gözümüz önündə canlanır.

Filmin süjet xəttində tarixi ictimai proseslərə bir baxış var. Bildiyimiz kimi 1905-06 cı illərdə “erməni-müsəlman” davası adlanan proses baş vermişdir. Filmdə Rəhim bəyin ermənilərlə bağlı mənfi sözlər işlətməsində bu cəhətdən məna var. Rəhim bəy oğluna görə Süsənin atasına şəhəri bir müddətlik tərk etməyi əmr edir. Süsənin atasının “Xozeyin can mən hara gedim?” sualına “Cəhənnəmə” cavabını verir. Təbii sovet ideologiyası bəy obrazını milli ədavət yaradan mürtecə cəhətdən verir. Lakin bugünkü anlamda tam əksi bir fikir yaranır.

Daha bir məqam filmin çəkildiyi ildə gedən ictimai proseslərin ekran əsərinə təsiri ilə bağlıdır. Belə ki, Məşədi Əzizbəyov (Nodar Şaşıqoğlu) filmdə Şaumyandan daha parlaq şəkildə görünür. Fikrimcə bunun səbəbi 1954-1960-cı illər arasında ölkəmizdə gedən milliləşmə prosesi olmuşdur. Baxmayaraq ki, Əzizbəyov bugünkü Azərbaycanda müsbət bir tarixi obraz deyil, lakin o zaman yerli  şəxsiyyətlərin təbliğinə doğrudan da, ehtiyac var idi. 1956-cı ildə keçirilən məşhur XX qurultayın da filmə təsiri var. Misal olaraq Koba (Stalin) personajı da sönük görünür. Film boyu adı çəkilən Koba filmin sonunda görünür. Onun Aslanın qəbri başındakı çıxışı buna misaldır. Xatırlatmaq yerinə düşər ki, filmdən bir il öncə millətçilikdə təqsirləndirilərək işdən çıxarılan İmam Mustafayev “26 Bakı Komissarı” məsələsində də ittiham olunmuşdu. Xruşov onu Əzizbəyovu Şaumyandan daha çox təbliğ etməkdə ittiham etmişdi. İmam Mustafayev 1989-cu ildə bu barədə danışmışdı.

Gördüyümüz kimi filmin süjet xətti və siyasi mənası bu gün başqa cür qavranıla bilər. Ona görə də sovet dövründəki tarixi-ideloji əsərlərə fərqli cəhətdən yanaşmaq lazımdır.

Kino bizə nə deyir - Səhəri Gün

İqlim dəyişikliyi müasir dünyanın əsas problemlərindən biridir. 21-c i əsrdə bu problem daha da aktuallaşmağa başlamışdır. Məşhur amerikalı rejissor Roland Emrixin “Səhəri Gün” filmi bu mövzudan bəhs edən dünya tamaşaçılarının maraqla izlədiyi filmlərdəndir .

Filmin mövzusu və dramaturji sturukturu kifayət qədər mükəmməl işlənilib. Film iqlim təhlükəsizliyi problemindən bəhs etməklə yanaşı, insanlararası münasibətlərdən, ifrat siyasi çəkişmələrin mənasızlığıdan bəhs edir.

Filmin baş qəhrəmanı iqlimşünas alim professor Cek Heyl(Dennis Quaid) qarşıdan gəlişi gözlənilən qlobal buzlaşmayla bağlı dövlət adamları ilə mübahisə edir. O, ABŞ vətəndaşlarının Meksikaya yerləşdirilməsini təklif edir. Cek Heyl film boyu təkcə bir alim kimi xəbərdarlıq etmir, həm də xilaskarın missiyasını üzərinə götürür.

Təhlükə yaxınlaşdıqca sağ qalmağın yolları yavaş-yavaş aydın olmağa başlayır. Cek Heyl oğluna çölə çıxmamağı tapşırır. Semin kitabxanaya yığışan insanlara eyni xəbərdarlığı etməsi bir qrup insanın xilas olmasına yol açır. Maraqlı, düşündürücü məqamlarlardan biri də insanların xalq kitabxanasına sığınması ilə bağlıdır. Burada biz həm Amerikanın, həm də dünyanın tarixi problemlərinə işıq tutulduğunu görürürük. Küçələrdə qalan bir zənci, itlə birgə bu sığınacaqda qala bilir. Ona mühafizəçi tərəfində itlərin qadağan olunduğu lövhənin göstərilməsi, ABŞ-da 60-cı illərə kimi davam edən zənci qadağalarını xatırladır.

Qızınmaq məcburiyyətindən Sem kitabların yandırılmasını təklif edir. Sığınan iki şəxsin arasında Nitşse barədə dioloqun getməsi fonunda, kitabların yandırılması 30-cu illərdə faşizimin törətdiyi kitab tonqallarını xatırladır. Bu epizodlar təkcə tarixə baxışla kifayətlənmir. Zənci bir şəxsin vergi qanunlarını da oda atmağı təklif etməsi müasir problemlərə də tutulan güzgüdür.

“Səhəri gün” mahiyyət baxımından qlobal mesaj daşısa da, Avropa mərkəzçi ideyanın da təbliği gedir. Örnək epizodlardan biri ateist Vorstinin Quttenberqin çap etdiyi incili bərk-bərk qoruması ilə bağlıdır. O, bunu Qərb sivilizasiyasının başlanğıcı kimi dərk edir. Qərbə aid dəyərlər məhv olduğu zaman, bir kitabla da olsa bunu yaşatmaq istəyir. Bu rejissorun uğurlu tapıntılarından biridir. Daha bir məqam isə yaralanan bir şəxsə kömək üçün rus gəmisindən dərmanların götürülməsi ilə bağlıdır. Biz burada təbii fəlakət qarşısında böyük dövlətlərin əzələ nümayişinə etirazı görürük.

Filmin rejissoru Roland Emrixin özü də müsahibələrindən birində filmin insanlara mesaj çatdırdığını söyləyir. Ümumiyyətlə bu filmə baxan alim, siyasətçi, sıravi vətəndaş da özü üçün dərs götürə bilər.

Kino bizə nə deyir - Yalnız cəsurlar

Devid Millerin 1962-ci ildə ekranlaşdırdığı “Yalnız cəsurlar” filmi ədəbiyyatdakı -Don Kixot motivindən bir qədər təsrilənmişdir. Filmin baş qəhrəmanı Con Börns(Krik Duqlas) müasir dövrdə kovboy həyatı yaşayır. Filmdə Don Kixot romanının mövzusu fərqli şəkildə işlənmişdir. Don Kixot əsəri cəngavərliyin bitməsini göstərirsə, bu ekran əsəri kovboy həyatının bitməsini nümayiş etdirir. Film Con Börnsün təyyarə uçuşunu izləyəndən sonra, hərəkətə keçməsi ilə başlayır. Onun ailəsi olmadığından atı Visti onun üçün bir təsəlli vasitəsidir. O, həbsdə olduğu dostu Maykl Keynin evinə gəlir. Onun həyat yoldaşı Cona müasir həyatın reallıqları barədə xəbərdarlıq etsə də, bu ona kar eləmir.                   

Bildiyimiz kimi vestern filmlərində həmişə salon səhnələri olur. İçki içmək üçün bir salona gələn Con burada Koreya müharibəsində qolunu itirmiş bir şəxslə qarşılaşır, ona müharibədə nə etdiyini soruşanda, heç nə etmədiyini bildirir. Burada Conun dövlət siyasətinə olan laqeydliyini ortaya qoyur. Con kovboy kimi XX əsrdə daha çox anarxisti xatırladır. Onun üzərində həmçinin sənədləri də olmur.  Con Börns burada təkqollu şəxslə döyüşməli olur. Həmin şəxs Con börnsü məğlub edə bilir. Bu epizod kovboyluğun əzəmətinin bitməsini göstərir.                            

Bunun nəticəsində həbsxanaya düşən Con orada polislərə xəsarət yetirməsi nəticəsində, əlavə olaraq 1 il cəza alır .Türmədə dostu Mayklla qarşılaşır. Onu türmədən xilas etməyə çalışır. Uşaqlıqdan bəri dostu olan Maykl onunla birgə qaçmaq istəmir, Maykl bunu ailəsinin olması ilə bağlayır. Biz burada iki dostun arasındakı sınma nöqtəsini görürük .

Qaçdıqdan sonra yenə dağlara üz tutan Conun, bu dəfə bir qədər sıxıcı macərası başlayır. Atı Visti ilə birgə arxasıyca düşən polislərdən yaxasını qurtarmaq istəyir. Salonda məğlub olan Con dağlarda polislərə qalib gələ bilir. Özünün köhnə tüfəngi ilə, polis helikopterini vurub sıradan çıxara bilir. Burada bir ironiya göz önünə gəlir. Polislərin onun arxasınca düşməsinin də mənasızlığı onların arasındakı dioloqlarda açılır.

Con Börns öz atı ilə birgə nəhayət məğlub olur. Avtomobil yolu onu bir qəhrəman olaraq sıradan çıxara bilir. Yel dəyirmanının Don Kixotu sıradan çıxardığı kimi. Avtomobilin onu vurması və yağışın altında özünün kovboy şlyapasının islanması kovboyluğun sonunu həzin tonlarla nümayiş etdirir.

“Yalnız cəsurlar” filmi tamaşaçılar arasında o qədər populyar olmasa da, bu film zənnimcə dünya kinosunun mühüm örnəklərdən biridir. Klassik vestern anlayışının bitməsini biz  bu filmin köməyi ilə aydın şəkildə görə bilərik.

Sənətdə nə deyilməlidir

P.S.: Az oxuyub yazdığım üçün üzr istəyirəm

1. ŞƏXSİ GÜMANLAR
ÜRƏYİN yanırmı Sən anlamalısan ki, xeyir və şər və bəlkə də bunun ortasında olanlar ( çünki qeyri-səlis məntiq var) milyon il öncə də oldu, bundan sonra da olacaq. Heç biri tam məhv olmur. Səndən öncə yazan, çəkən, kameraya alanlar çox oldu. Sən nə istəyirsən sənətdə olan ADAM oğlu?

2. AZADLIQ
Azad olmaq Ciddi ifadədir. Diqqətli olmaq gərəkir. Hansı azadlığı kredo bilirsən? AZADLIQ sənə nə verir? Sənin azadlığın sənətə nə verir ADAM oğlu?

3. DİN
TANRI təsəvvürün? Hansına inanırsan? Onun yolundasanmı? Ona eqo, qorxu, sevgi və yaxud hər biri  ilə yanaşırsan ? SƏNƏTLƏ DİNİ müxalif hesab edirsənmi? Hesab vermək nədir sənin üçün? Bunun mənası sənin üçün nədir ADAM oğlu?

4. MADDİYYAT
SƏNƏTDƏ pul güdürsənmi? Maddi imkansızlıq səni sənətdən uzaqlaşdıra bilərmi? Maddi gücün qarşısında sənət kredon dəyişə bilərmi ADAM oğlu?

5. ZAMAN
ZAMAN anlayışın nədir? Səncə zaman sənə yaxşı sənəti ortaya qoymağa imkan verəcəkmi? ZAMANını necə keçirirsən? Öyrənib yaşayırsanmı? Nəhayət ZAMANI aşa bilərsənmi? (məncə Hüseyn Cavidlə Çarli Çaplin iyirminci əsrdə ZAMANI aşa bildilər) ADAM oğlu?

6. BƏDƏN ƏZALARI
Əl, qol, ayaqların, dil və dişlərin sənə yaxşı sənəti meydana gətirməyə kömək edir? Bədəninlə münasibətin necədi? Nəfslə Mənəviyyat necə yarışır? Bunun vəhdətində sənət necə təzahür edə bilər?

7. ÖLÜM
ÖLÜM sənin üçün sondurmu? ÖLÜM qabağı son əsərin barədə fikirləşirsənmi? Sənin ÖLÜMÜNÜN əsərlərini öldürə biləcəyi və yaxud bilməyəcəyi haqqında düşünürsənmi? ÖLÜM-dən sonra özünün məhşur olmağın barədə düşüncən nədir? ADAM oğlu

Kino bizə nə deyir - Umberto D

Vittorio De Sikanın 1952-ci ildə lentə aldığı Umberto D filmi Neorealizm cərəyanının son filmi sayılır. Rejissor bu filmi öz atasına həsr etmişdir. Film əvvələr nazirlikdə işləyib daha sonra pansiontlıqda ağır şərtlər altında yaşayan Umberto D nin (Karlo Battisi) həyat hekayəsindən bəhs edir. Təbii ki, ictimai quruluşdakı problemləri göstərməklə. Bildiyimiz kimi neorealizm ikinci dünya müharibəsindən sonra Avropa həyatındakı sosial problemlərə işıq tutan filmlərin meydana çıxmasına şərait yaratmışdı. Faşizmin etdiyi cinayətlərə də bu filmlərdə pafoslu etiraz sezilir. Lakin “Umberto D” filmində bu yoxdur. Çünki müharibədən yeddi il keçməsi müharibə istiqamətini bir qədər arxa plana çəkmişdir.

Film təqaüdçülərin etiraz aksiyasının epizodu ilə başlayır. Umberto D də burada iştirak edir. Bundan sonra pansionata gələn bu yaşlı insanın gərgin gün rejimini izləməyə başlayırıq. Pansionatın sahibəsi Umberto D-nin ona olan on beş min livr borcunu istəyir. Gərgin xəstə olan bu yaşlı insanın əsas həmdəmi həmişə yanında olan Flayk adlı iti olur. O, sahibinin istəyini duyur. Qeyd etmək yerinə düşər ki, film boyu Umberto D-nin iti ilə münasibəti artan dramatik xətlə göstərilmişdir. Kinonun təsvir imkanlarından bu epizodlarda geniş istifadə olunmuşdur.                                                                                            

Pansionatda gərgin durumda olan şəxslərdən biri də hamilə olduğunu sahibədən gizlədən gənc qulluqçu qadındır. Burada öz problemini yalnız Umberto D-yə deyə bilir. Ümumiyyətlə filmdə Umberto D, Flayk və qulluqçu qadın bir bütövlük təşkil edirlər. Bunun səbəbi onların qarşısındakı cəmiyyətlə bağlıdır. Qulluqçunun bətnindəki körpəsini öldürmək istəməsi onun iztirablarının ifadəsi kimi göstərilir. Lakin o bundan imtina edir.                                                                  

Umberto D-nin soyuqlaması onun pansionatdan ayrılıb monastrın xəstəxanasına gəlməsinə səbəb olur. Burada bir həftəlik qalmaq üçün rahibədən icazə kağızı alması, onun həyatda ölüm-qalım mübarizəsi aparmasını ifadə edir. Monastrdan çıxandan sonra iti Flaykı itirir. Axtarışları onu itlərin yandırılaraq tələf edildiyi məkana gətirir. O, Flaykı xilas edə bilir.                                                                                                                

Borcunu ödəyə bilməməsi onu şəhərin küçələrinə doğru aparır. O, burada köhnə tanışları ilə qarşılaşır, lakin onlar Umberto D-yə soyuqqanlı yanaşırlar. Buradakı şəhər epizodları, burada da sosial problemləri qabardır. O, dilənmək fikrinə düşür. Lakin qüruru buna imkan vermir.                                                                                                                           

Nəhayət Umberto D özünü öldürmək istəyir. Bunun üçün qatarın altına özünü atmaq istəyir. HAŞİYƏ Tolstoyun “Anna Karenina” romanında baş qəhrəman özünü bu cür öldürür. O, yeni formalaşan kapitalist toplumun qarşısında təslim olur. Lakin Umberto D bu təslimiyyətə doğru getmir. Bunun səbəbi “Anna Karenina”dan sonra iki dünya müharibəsinin olması ola bilər. Tökülən qanlar insanları möhkəmləndirmişdi. Umberto D bunun təcəssümü ola bilər. Parkda iti Flaykı bir balaca qıza vermək istəməsi uğursuzluqla nəticələnir. Qızın ailəsi buna razı olmur. Umberto D iti ilə birgə intihar etmək qərarına gəlir. Bu zaman iti ona üsyan edir. Qatarın gəlişi səhnəsində itinin onun qucağından düşməsi və qatarın uğultusu fonunda Umberto D-nin başını tutması onun katarsizi kimi görsənir. İti Flaykın ondan küsməsi isə heyvanların da güclü hissiyatının olmasını göstərir. Umberto D ağacdakı qozanı ona atmaqla Flaykla barşır. Bu barışıq insanın əzablara qalib gəlməsini göstərir.

QEYD: Umberto D filmi məhşur İsveç rejissoru İnqmar Berqmanın kult filmi olmuşdur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti