9-07-2017, 17:50 Oxunub: 489

Bu dünyadan olmayan adam

Məhəmməd Kərimov

OXUCU KÖŞƏSİ
Dünyaya müəyyən qrup insanlar gəlir, hansı ki, dünya mövcudluğunu qoruduqca onlar da bizlə birgə olacaq, tarix dərsliklərində gələcək nəsillər üçün idealist örnək olaraq qalacaqlar.

Onların mahiyyətini bizdən sonrakı nəsillər daha yaxşı qavrayacaq və daha çox alqışlayacaqlar. Belə insanlardan biri də, ondan müsahibə alan jurnalistə ilk olaraq “sizcə mən dəliyəm?” sualını verən Elon Maskdır. Nədənsə Elonun xarakterini bu suala çox bənzədirəm. Görünüşcə sadə və təvazökar, daxilən isə qarmaşıq və mürəkkəb bir insan. Bu adamı bu qədər xüsusi edən şey nədir? Mən deyərdim ki, çox az insanın düşündüyünü həm düşünməsi, həm də düşünməklə qalmayıb həyata keçirməsi. Çünki bu adamın hədəfindəki ideya və işlər ancaq Nyuton, Da Vinçi, və Kirxqof kimi dahilər ilə müqayisə oluna bilər.

Anasının dediklərinə görə hələ uşaqlıqdan həmyaşıdlarından fərqlənən Elon yaşıdlarına nəzərən tamamiylə ayrı işlərlə məşğul olurdu. Gizlənqaç, qaçdı-tutdu yerinə elmi-texnoloji kitaplarla maraqlanır, əlinə keçdikcə elektronik əşyaları söküb-yığır, kosmosla bağlı sualların cavabını axtarırdı. Bu özəlliyi onu çevrəsində “sıxıcı” biri edir, sosial olmağında çətinlik yaradır, tənhalaşdırırdı. Hətta bir dəfə anası qardaşına "onu da aranıza alın" deyir və “ana axı o sıxıcıdır” cavabını alır. Məktəbdə bir qrup uşaq ona nifrət edir, hətta onun dost olduğu uşaqları belə döyürdülər ki, heç kimlə ünsiyyət saxlaya bilməsin. Özünü isə bir neçə dəfə huşunu itirəcək qədər bərk döymüşdülər.

Həmyaşıdları oyun oynamağı, əylənməyi, qaçmağı sevirdi. Elon isə oyun yazmağı, kompüteri, programlaşdırmanı və riyaziyyatı. 12 yaşında yazdığı kompüter oyunu ona 500 dollar qazandırmışdı. 80-ci illərdə kompüter yeni-yeni məşhurlaşırdı və ancaq bir neçə ailədə var idi. Elon ilk dəfə bu texnologiyanı görəndə gələcəkdə nə qədər böyük önəm kəsb edəcəyini başa düşmüş, atasına onu alması üçün təkid etmişdi. Sosial çevrəsi qardaşı Kimblın sinif yoldaşlarından ibarət olan Elon orta məktəbdəykən öz məktəbinin kitabxanası ilə yanaşı, ətraf məktəblərin kitabxanalarında olan kitabları da oxuyub bitirmişdi.

Cənubi Afrikada doğulsa da orada qalmaq istəmirdi, fikirləri Amerikayla bağlı idi. Atasından da sevgi görməmişdi. Səbəb isə atasının onu Amerika kimi bir ölkəyə qarşı "hazırlıqlı" etmək istəməsində idi. Elon həmin günləri haqda danışarkən gözləri dolur. Bəlkə də qardaşı ilə birgə atasının təzyiqlərinə tab gətirə bilməsi onun gələcək uğurlarının altında yatan sirlərdən biridir.

18 yaşı tamam olmamış “hərbi xidmətə getməmə” bəhanəsiylə Kanadaya köçür. Universitetə daxil olub qeydiyyatdan keçən Elon universitet yataqxanasında özünə qalacaq yer taparaq Kanadadakı həyatına başlayır. Bundan başqa bir müddətliyinə müəyyən işlərdə də çalışmışdır. Məsələn, günlüyü 10 dollar olan ağır şəraitdə işlədiyi kiçik metal zavodunda çalışır. Bir çox işçinin bir neçə günə işdən çıxdığı halda Elon 6 ay burada işləyib. Universitet illərində tələbə yoldaşı ilə bərabər evində hazırladığı şənliklərin biletlerini universitetdə satıb pul qazanırdı. Əslində şənlikləri xoşlamırdı, sadəcə pul saymağı sevirdi.

Əgər siz Tesla haqqında az-çox məlumata sahibsinizsə, Elonun fəlsəfəsini başa düşmək daha asan olacaq. Mən bu adamı Teslanın xəyallarını tamamlağa çalışan, adını yaşadan, "övladı" kimi görürəm. Nəzərə alsaq ki, Teslanın övladı olmayıb, bu rol model Maska çox yaraşır. "SpaceX", "Solarcity", "Paypal", "Tesla Motors" isə bunun rəsmi sübutudur. Maskın Tesladan üstün cəhəti eyni zamanda Edison kimi biznesmen ola bilməsindədir. Məsələn, "SpaceX"də Nasa programlarına ortaq layihələr üzərində işləyərkən işçisinə 120000 dollarlıq kosmik avandanlığın maliyyətini 9 aya 3500 dollara endirməyi tələb etmiş və bunu bacarmışdı. Bu cür nümunələrlə Mask sadəcə super dövlətlərin girişdiyi kosmos texnologiyası ilə məşğul olan ilk özəl şirkət olmuş və çox böyük qiymətə malik təchizatları ucuza istehsal etməyə malik olmuşdu.

NASA-nın 9 əməliyatını uğurla həyata keçirib və “qənaətcil” strategiyası ona digər şirkətlərinə daha çox yatırım etməyinə kömək olub. Elon raket sistemlerinə hətta yeni abu-hava da qatmışdı. Belə ki, "SpaceX"ə qədər kosmik raketlər yüksək sürətin əmələ gətirdiyi aerodimanik problemlərdən dolayı dünyaya eniş zamanı okeana düşür və sadəcə 1 dəfə istifadə oluna bilirdi. Bu səbəbdən raketin maliyyətinə qarşılıq 1 dəfə istifadə oluna bilməsi onun “yararlığını" daha da azaldırdı. Buna qarşılıq "SpaceX" bu problemi aradan qaldırıb raketin Yer səthindəki mənzilinə enməsinə və bir neçə dəfə istifadə olunmasına yardımçı olub.

Bu prosedurun pərvanəsi olmayan helikopterin enməsi kimi təsəvvür edə bilərsiniz. Maskda sevdiyim strategiyalardan biri də məhz şirkətində işləyənlərlə bağlıdır. Onun şirkətində perspektivli, təcrübəli, yaşlı mühəndis olsa da gənc milyoner seçimini daha çox gənclərdən yana etdiyini bildirir. Havard, MIT, Stanford kimi universitetlərə gedərək istedad “ovuna” çıxan Mask seminarlarda əvvəlcə popularlıq qazanmış tələbələri soruşdurur, axtarır daha sonra isə onlarla görüş təyin edərək söhbət edir, sonda isə bəyəndiyi gənclərə vizit kartını verərək yenidən görüş üçün gün təyin edir.

Bunu etməsinin bir neçə səbəbi var: İlk növbədə gənclər daha həvəsli və enerjili olurlar. Bu həm də onları sürətli edir, ikincisi gənclər daha ucuza və daha çox işləyə bilirlər. Onlarla uzun müddət işləmək mümkündür. Eyni biliyə sahib olan gənc və yaşlını müqayisə etsəniz gənc adamın potensialının daha yüksək olduğunu görə bilərsiniz. Elektrikli maşınların və alternativ enerjinin Amerika və dünyada lazımi mövqeyə yerləşməsinə çalışan bu dahi adam hədəflərinə hər keçən gün daha çox yaxınlaşır. Hətta bu mübarizliyində eks-prezident Obama da dəstəyini əsirgəməyib.

Amerikanın, xüsusən, Qərb ştatlarında yerləşdirilən elektrik maşınları üçün doldurma məntəqələrinin Amerikanın hər yerinə yerləşdirilməsi planlanır və bunlar heç də uzaq gələcək deyil. "Tesla Motors" 1950-ci ildən bəri Amerikada qurulub, “ayaqda qala bilən” ilk avtomobil şirkəti (ən son bunu "Chrysler" şirkəti etmişdi), və avtomobil reytinqində maksimum nəticəni əldə edən yeganə şirkətdir. Alternativ enerjini, kosmos texnologiyasını və interneti (onlayn satış, programlaşdırma dilləri də daxil) gələcəyin ən böyük 3 sahəsi kimi görür.

Bəli, Elon kimi “dəli” insanlar dünyanı ya yaxşı, ya da pis mənada dəyişdirir və bu dəyişiklik uzun müddətli olur. Lakin bizim hər birimizin bu cür “tarixi obrazlardan” dərs almamız gərəkən xüsusiyyətlər var. Bu adam elə bir şəxsdir ki, hamının ondan öyrənəcəyi nəsə var və bunu gözardı etmək olmaz.

Məsələn, 2008 böhranında sırf şirkətlərinə yatırım üçün ən sevdiyi maşını, dünyada 64 dənə olan McLaren F1-ni satıb. Habelə evini də satmağa hazır olan Mask deyib: 

"Çox çətin vaxtlar idi. Əlimdə yatırım üçün pulum qalmamışdı, böhran hamı kimi bizə də təsir etmişdi və borc verə biləcək kimsə yox idi. Evimi belə satmağa hazır idim, hədəflərimi canlı görmək istəyirdim və bunun üçün daxmada belə yaşamağa razılaşmışdım. Ancaq mənə yalnız bir şirkətə yönəlməyimi tövsiyə edirdilər, mən isə bu fikri ağlıma belə gətirmək istəmirdim. Bəli, bu böyük risk idi, ancaq ikisindən birini tərk etmək haqsızlıq olardı. Bu fürsəti bir daha tapa bilməyəcəyimi bilirdim, həftədə 120 saat işləyirdim, nəticə etibarı ilə risk etdim və uddum". “Elon və möcüzələri” hələ bundan sonra da davamlı olaraq danışılmağa davam edəcək, əsas məsələ bizim bu adamın dediklərinə nə qədər əməl edə bilməyimizdədir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti