7-07-2017, 14:38 Oxunub: 469

Musiqi

Sevda Kamran

OXUCU KÖŞƏSİ
La-la laaaa... Hər kəsin bir musiqisi var. O musiqi ki, bizdən başlayır: Ürəyimizin döyüntüləri ilə doğulur, beynimizdə notlara çevrilir, qanımızla hüceyrələrimizə hopur, qulaqlarımızda səslənir, ruhumuzla qanadlanır!

Hər kəsin bir musiqisi var. Özündən başqa heç kimin duymadığı. Bəstəkar deyilsənsə heç kim qəlbinin azadlığını eşitməyəcək. Amma bu musiqilərin dəyərini azaltmaz. Əksinə, sırf sənə aid olduğu, təkrarı olmadığı üçün əvəzedilməz olar. Musiqilər anlardan doğular. Xoşbəxtsənsə ürək döyüntlərin sənə şən musiqilər pıçıldayar. Kədərlənəndə bu döyüntülər həzin musiqiyə dönüb süzülər qəlbindən. Bir günün, bir həftən, bəzən bir ayın o musiqi ilə dolar, hər dəfə gözlərini yumanda qulaqlarında səslənər. Yuxuların gah acı, gah şirin olar. Bəzən də o musiqi dayanmaq bilmədən çalındıqda beynini parçalayan səs yığınına çevrilər. Səni çarəsiz, gücsüz hiss etdirər. Musiqilər həyatının ipləri olar.

Bəzən burulğana düşərsən. Hər musiqidən bir parça eyni anda başlanar qulaqlarına toxunmağa. Seçim qarşısında qalarsan: Hansını susdurum? Hansını saxlayım, hansını silim? Bu çarəsizlikdə bir də ayılarsan ki, bütün səslər susub. Elə o an darıxmağa başlayarsan. Günlər əvəz edər bir-birini, amma səslər sənə küsdüyündən həftələrlə onlarsız qalarsan. Çox darıxarsan, səssizlikdən qulaqların batar. Qorxarsan..! Səssizlikdən çox qorxarsan. Bağlı qapılar arxasında danışılanları dinləyərsən, yolu qadağan olunmuş yerdən keçərsən, buz kimi su içərsən, saatlarla boş divarlara baxarsan...

Birdən qəlbin insafa gəlib iki-üç not səsləndirər... Sənə ən çox lazım olanı. Bu günə kimi ürəyinin bəstələmiş olduğu ən möhtəşəm əsəri... Sanki simfonik orkestr ifa edirmiş kimi duymağa başlayarsan. Bütüüün notları, pauzaları yerində, xaric vurmadan. Qoparar ruhunu bu dünyadan. Vücüdun ayağının altındakı torpağı, nəfəsinə toxunan rüzgarı, günəşli göy üzünü hiss edər yalnız. Bir də o anı... Bu möhtəşəm musiqinin yarandığı o anı... Digər yaşadıqlarını unutduran o anı... Sağında, solunda, önündə, arxanda, baxdığın hər yerdə görmək istədiyin tək bir anı..! Bir gün öncəki kimi vecsiz davranış gözlədiyin halda, üzünə baxaraq, səhərlər açıq yaşıl, günəş işığında yaşıl, əslində qonur rəngli olan gözlərini qıyaraq və yalnız sənin üçün gülümsəyərək, içdən salamlaşdığı o an..! Boyaları, çizgiləri, rəssamının imzası belə hələ də qalan bir rəsm kimi beyninə həkk olunan, bir də çərçivəsi ürəyin olan.

Bilirsən, onu ürəyindən azad etsən bütün varlığını bürüyər, nəfəsini daraldar, səni məhv edər, udar. Bu qorxu deyil. Sən hər şeyə razısan, hazırsan, könüllüsən. Bu möhtac olmaqdır, bir az da asılılıq.

Hər kəsin bir musiqisi var, ruhunu qanadlandıran. Biz yanımızdakı insanın musiqisni duya bilmirik. Lakin ruhularımız bizim kimi deyil, onlar eşidir. Ruhlarımız göylərdə musiqlərinin ahəngi ilə qanad açar. Bəzən bir-birini tanımayan iki ruhda eyni notlar səslənər. Belə olanda ruhlar dayanar, bir-biriləri ilə salamlaşar, gülümsəyərlər. Sonra nə vaxtsa sən o ruhun insanını görəndə özündən bixəbər ona təbəssüm edərsən - ruhunu təkrarlayarsan. Qulaqlarında ən möhtəşəm bəstən səslənəndə bu qaydanı xatırlayarsan. O zaman "kaş" deyərsən... "kaş ki, onun təbəssümü ilə məndə doğulan o musiqi onun da qəlbində doğulardı. Kaş ki, onun da ruhunun qanadları bu notlarla çırpılardı". Amma hər şey sənə məchuldur. Əlində yalnız arzun, "kaş ki"n və bircə ümidin var; axı hər kəsin bir musiqisi var ruhunu qanadlandıran...
Şərhlər : 1 Şərh yaz
Oraxn 11 iyul 2017 12:20  

Son zamanlarda oxuduğum ürəyə yatan, axıcı bir "ruh hekayəsi". Yolunuz açıq olsun.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti