30-03-2017, 11:19 Oxunub: 171

Fikir axını

Ali Xan

OXUCU KÖŞƏSİ
Bağları itirməmiş zəncirləri açacam və azad quşların səmada rəqsini izləyəcəm. Qaranlığa bağlandıqca izləri itirəcəm və Tanrıya dua edəcəm. Günahlardan balta düzəldib öz qatilim olacam və yenidən torpaqda yaşıl nöqtəyə çevriləcəm.

Sadəcə onlara başa salmaq lazımdır ki, mən çox sayıqlayıram və bu sayıqlamalardan xeyli pul qazanmaq istəyirəm. Lakin mən bağları itirməmiş zəncirləri açacam və azad quşların səmada rəqsini izləyəcəm. Əslində mən Tanrıyam, amma özümü adi insana çevirib xəyali mənimlə mübarizə aparıram. Əslində mən Tanrıyam, həm də qatı ateistəm və emosiyalardan məhrum olmuşam. Qaranlığa bağlandıqca izləri itirəcəm və özümə dua edəcəm. Günahlarımdan balta düzəldib özümü öldürəcəm. 

Utopiya qur. Qurduğun utopiyaların içində yaşa. Sonra utopiyaları məhv et. Mənə dedilər ki, beynimizin bir neçə santimetrliyində yaşayırıq. Geridə qalanlar isə kilometrlərlə ölçülür. Mənə dedilər ki, həyat təbiətdən ibarətdir. Təbiəti özümə dost bildim. Sonra gördüm ki, təbiətin də Allahı var. Güldüm.

Utopiya qur. Qurduğun utopiyaların içində yaşa. Sonra utopiyaları məhv et. Mənə, öyrətdilər ki, səssizliyin içində müxtəlif səs çalarları var. Mənə öyrətdilər ki, qaranlıq işıqdan, işıq qaranlıqdan doğur. Bu dünyada qardaş olmayan tək şey yumurtanın qabığıdır. Güldüm.

Fikir axını. Siz onu dayandıra bilməyəcəksiniz. Bütün ideologiyalar məhv olacaq. Sürətlə, dayanmadan. Maraqlısı odur ki, biz oyananda hər şeyin birdən olduğunu anlayırıq. 

Utopiya qur. Qurduğun utopiyaları içində yaşa. Sonra utopiyaları məhv et. Mənə öyrətdilər ki, səmada yalnız boşluq var. Səmaya baxmaq asandır. Bacarırsan səmadan aşağı bax. Mənə dedilər ki, axmaqlar başa düşmədiklərinə əl çalırlar. Çalış onlara başa düşmədiklərindən danış. Onlara heç vaxt olmayacaq şeyləri təlqin elə.

Utopiya qur. Görmə, bilmə, eşitmə, hiss etmə. Qurduğun hər utopiyanın arxasında bir həqiqət burax. 

Utopiya qur. Qurduğun utopiyaların içində yaşa. Sonra utopiyaları məhv et. Sən sevinclə yaşlanıb, kədərlə ölməmişdən qabaq "öldün" deyənlər ruhsuz gəzir. Gül! sadəcə Gül! Və heç vaxt üsyan etmə! Azadlıq qədər mənasız söz eşitmədim.

Üsyan etmə! Yoxsa bir yaxşını yenə pisə çevirərsən. Qurduğun utopiyaların içində yaşa! Burda və indi. Amma unutma ki, burada olanlar indidən çox-çox uzaqdadır. Qurduqdan sonranı fikirləşmə, qurduqdan sonra necə məhv edəcəyini öyrən.

Mənə dedilər ki, utopiyalar insan həyatında yeni deyil. Amma insan utopiyaların həyatında yenidir. Güldüm. Çünki utopiyanı yaradan da, utopiyada yaşayanda mən özüm idim. Mən! Ruh qəlb və bədən. Mən heç vaxt özündən keçə bilməyən bacarıqsız əfəl! Mən! Mənsiz mən və səssiz mən. Mən, mən, mən, mən...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti