25-03-2017, 20:32 Oxunub: 614

Bir arının üsyanı

Nigar Zaman

OXUCU KÖŞƏSİ
A pətəyində həmişəki kimi boş vaxt yox idi. İşçi arılar ora-bura vurnuxur, qışa hazırlaşırdılar.

Əslində belə tələsməyə ehtiyac yox idi. Hələ sentyabr ayı idi. Amma onlar öz planlarını dəqiqliklə yerinə yetirirdilər. Sadəcə pətəkdə daimi qalmaq üçün kor-koranə işləyirdilər.

İşçi arılardan biri dincəlmək istəyirdi. Qəribədir, başqa vaxt belə yorulmazdı. Səhərdən-axşamadək güllərdən nektar sorar, yoldaşlarına kömək edər və ana arıya qulluq edərdi. Bütün işi bundan ibarət idi. Ana arı isə böyük taxtında uzanar, gün boyu heç nə etməzdi. Heç kim də buna qarşı çıxmazdı. Amma həmin arı burada çox böyük bir ədalətsizliyin olduğunu anladı. Onlar bütün günü işləyir, gecəni gündüzə qatıb ana arıya qulluq edir, ana arı isə heç qanadını belə qaldırmırdı.

Belə davam etmək olmazdı. O da əylənmək istəyirdi, pətəkdən yalnız çiçəkləri tozlandırmaq üçün çıxmaq istəmirdi. Çıxıb gəzmək, istədiyi vaxt evə qayıtmaq, yorulduqda dincəlmək istəyirdi. Bu fikrini gerçəkləşdirmək üçün B və C pətəklərindəki arılarla razılaşdı. Həmin üsyançı arının bir düşməni də vardı. Bu arı bütün söhbətləri eşidir və general arıya xəbər verir.

Üsyan gecəsi, general arı bütün pətəklərə iclas xəbəri verir. Üsyançı arılar üsyanı iclasdan sonra etməyi planlaşdırdılar. General arı üsyançı arı və üsyan haqqında bildiyini açıqladı. Üsyançı arı önə çıxarıldı. General “Etirazı olan varmı?” deyə soruşsa da, səs çıxmadı. Sistemi pozmağın cəzası ağır olacaqdı. Üsyançı arı edam olundu. Azadlıq istəyən arı, ölüm azadlığına qovuşdu...
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti