Krizis xəttinə 25 mindən çox şikayət daxil olub

23-11-2012, 02:06
Oxunub: 1450


Yarandığı 2006-cı ildən etibarən Gənclər üçün Krizis Xəttinə 25 mindən artıq müraciət daxil olub.
Psixoloji kömək almaq məqsədilə zəng edənlərin 80%-ni zərif cinsin nümayəndələri təşkil edir.
Bu barədə Gənclər və İdman Nazirliyinin rəsmi saytında məlumat verilib. Gələn zənglərin ötən illərə nisbətən artıb-azalmasını öyrənmək üçün Nazirlik ilə əlaqə saxlamağa çalışsaq da bizə cavab verən olmadı.
Psixoloq Ramil Nəcəfli hesab edir ki, qadınların bu kömək üçün daha çox müraciət etməsinin səbəbi qadınların xarakteri ilə bağlıdır.
"Əksəriyyətinin qadın olmasının səbəbi qadınların krizis anında, çətin vaxtlarda kömək axtarmasından irəli gəlir. Bu qadınlara xarakterik olan bir xüsusiyyətdir. Qadınlar sirlərini yaxın çevrə arasında danışa bilmirlər. Real olaraq onlara kömək edə biləcək yerlər axtarırlar ki, onu da psixoloqlarda görürlər. Kişilərdə isə belə bir xarakter yoxdur. Onlar hər şeyin öhdəsindən özləri gəlmək istəyirlər.”
Qadınların daha çox psixoloqa müraciət etməsinin səbəbi qadınların daha çox şiddətə məruz qalması ola bilər? 
"Ola bilər. Bu da ən vacib səbəblərdən biridir. Amma psixoloqa müraciət edən qadınların çox az hissəsi bu problemlərlə üzləşən qadınlardır.
Son illərdə intihar hallarına diqqət yetirsək görərik ki, intihar edənlərin əksər hissəsi kişi cinsinin nümayəndələridir. Bunun səbəbi sosial-iqtisadi problemlər olur. Qadınların intihar səbəbi isə daha çox psixoloji problemlərlə bağlıdır”
Qeyd edək ki, müraciətlərin əksər hissəsini şəxsi münasibətlər, təhsil, ailədə münaqişə, yaxın adamın itirilməsi, müalicəsi mümkün olmayan xəstəliklər, narkotik vasitələrdən və alkoqoldan istifadə, o cümlədən də zorakılıq halları təşkil edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti