Naxışların yaddaşı

26-05-2020, 11:00
Oxunub: 1474
Bakı öz sifətini nə qədər qoruya bilib?


Demə ki, quşun dili yoxdur, de ki, quşun dilini bilmirəm. Demə ki, daşın dili yoxdur, de ki, daşın dilini bilmirəm.
- Xudu Məmmədov

Ornamentlərin yaradılması əl yazısına bənzəyir. Hər insanın əl yazısının öz xüsusiyyətləri olduğu kimi, hər xalqın da özünəməxsus ornamentalistika dili var. Geniş informasiyanın yığcam təsvir vasitələri ilə yadda saxlanılması və ötürülməsi mnemonika adlanır. Qəribədir ki, xalq sənətimizin müxtəlif qolları da minillərdir ki, məhz bu yoldan istifadə edir. Çox vaxt əhəmiyyətsiz saydığımız və varlığını belə unutduğumuz bu işarələr forma və məzmunun vəhdəti olmaqla yanaşı, yalnız əşyanın deyil, düşüncənin də əksi sayılır.

Naxışlar xalqın xarici aləmə münasibəti, dini inancları, mifologiyası, adət və ənənələri, yayılma arealı haqqında məlumat verəcək gücə sahibdirlər. Mənimsənilməyə ən dayanıqlı element sayılan naxışların mənasını onların yaradıcılarının mifologiyasını, yaşam tərzini, inanclarını bilmədən açmaq mümkün deyil. Bir xalçanın üzərindəki ornamentləri onu bütünlüklə məhv etmədən gizlədə bilmərik. Bu baxımdan yalanın öz hökmü altına ala bilmədiyi sahə sayılır naxış yaradıcılığı.

Ornamentlərin dilində nəinki oxuyan, həm də bu dildə yaza bilən bir insan tanıyırıq. "Qarabağ xalısından Qarabağ şikəstəsini oxuyan" deyirdilər ona. Görünənin arxasındakı görünməyəni görə bilən Xudu Məmmədov. Bu dilin sirrini müxtəlif elmlərin qovşağında üzə çıxarıb. O, türk xalqlarının təsviri sənət nümunələrinin kristallarla oxşarlığını aşkarlayıb və onları "fonsuz naxışlar" adlandırıb. Belə naxışlara xas olan xüsusiyyətlər ondan ibarətdir ki, müstəvi şəkil elementləri ilə tam, boşluq buraxılmadan örtülür, yəni fon olmur və ya fonun özü şəklə çevrilir, şəklə aktiv olaraq daxil olur. Kristalları təşkil edən hissəciklər maksimal sıxlıqla yerləşdiyi kimi, bu naxışları düzəldərkən də eyni qaydaya əməl olunur.

Şəkil 1

Şəkil 1-də təsvir olunan kristalın daxili quruluşunu əks etdirdiyi kimi, həm də memarlıq abidələrimizdə naxış elementi kimi istifadə olunub. Belə bir sual yarana bilər ki, bu oxşarlıqda qəribə olan nədir? Axı indi dünyada kristalların quruluşuna bənzəyən naxışlardan istifadə olunur. Haqqında danışdığımız naxışlara türklərin yaşadığı ərazidə eramızdan əvvəlki dövrlərə aid sənət nümunələrində rast gəlinir. Halbuki, kristalların daxili quruluşunun rentgen vasitəsilə aşkarlanması XX əsrə aid hadisədir. İlk baxışdan insana möcüzə təsiri bağışlayır. Məgər insanlar ornament yaradarkən kristalların onlardan neçə yüz il sonra açılacaq olan quruluşunumu xəbər verməyə çalışıb? Məqsəd bu olmayıb təbii ki. Xalqımız təbiətlə iç-içə yaşadığı üçün təbiətin yaradıcılıq prinsiplərinə riayət edərək kristal quruluşunu çox eyniliklə təkrarlayan naxışlar yarada biliblər. Çox maddələrin quruluşu yüz illər qabaq açıq imiş, biz bunları naxışlardan oxuya bilərmişik.

Müstəvini həndəsi fiqurlarla doldurarkən fon olmur, daha doğrusu fon özü də fiqur rolunu oynayır. Beləliklə, çoxmərtəbəlilik, çoxqatlılıq əmələ gəlir ki, bu da sonsuzluq - təbiət deməkdir. Naxış yaradıcılığı, memarlıq, rəssamlıq, musiqi, rəqs eyni kökdən yaranıb və bu kök təbiətin özüdür. Təbiətin gizli qanunlarının üzə çıxarılması bu üsluba aid xüsusiyyətdir. Təbiətin forma yaratmaq prinsiplərini duyaraq forma yaratmaq.

Simmetriya - harmoniya

Olduqca maraqlı prinsiplərdən biri isə simmetriyadır. Əgər naxış bərabər hissələrə bölünə bilirsə və ya bərabər hissələrdən təşkil olunubsa, simmetrikdir. Onun üzərində müəyyən əməliyyatlar - döndərdikdə, köçürdükdə, genişlənib-kiçiltdikdə - aparıldıqda əvvəlki və sonrakı vəziyyətləri bir-birindən fərqlənmir. Simmetriya şəklə davamlılıq, ətrafdan tez seçilə bilmək, tez yadda qalmaq xüsusiyyətləri verir. Simmetriya bütünü görməyə imkan verir və biz düşüncəmizdə canlandırdığımızı yarada bilirik. Optimal simmetriyanın saxlanılması üçün də cəhətlərdən birinin simmetriya azlığı digərinin simmetriya çoxluğunu tamamlamalıdır.

İndi isə simmetriyanı harmoniya adlandıraq. Bilirik ki, harmoniya - uyğunlaşma, bir-birini tamamlamadır. Bu simmetriyanı cəmiyyətdə düşünək. Müəyyən birliklər yaranır və yalnız simmetriyaya riayət olunduqda bu birlik möhkəm və uzunömürlü olur. Yaxşı təşkil olunmuş bir bütünü formalaşdıran fərdlərin qruplaşdırılması zamanı bir fərdin çatışmazlığını digərinin hər hansı bir üstünlüyü örtürsə, simmetrik cəmiyyət yaranır və bu zaman fərdlərin müəyyən bir özəlliyi seçilib vurğulana bilir. Sinergetika da bunu demirmi? Bir qrup insanın harmoniya içərisində çalışaraq təklikdə işlədikləri zaman alacaqları nəticədən daha yüksək nəticə əldə etmələri. Tək əldən səs çıxarmı heç?!

Yapon şair Boşonun sətirlərində səssizliyin bir gurultunun təsiri ilə necə şiddətləndiyi göstərilir.

Köhnə bir hovuz,
Qurbağa atlayar və su səsi..

Biruni deyirdi ki, insan ruhu simmetriya olan bütün şeylərə qarşı həssasdır. O, qaydasız olan hər bir şeydən üz çevirir. Məsələn, insan şəxsiyyətinin reallıq ilə ziddiyyəti simmetriyanın pozulmasıdır. Dünya sivilizasiyasına pay verdiyimiz qədər ondan yararlana bilirik, əgər bu gün bizim töhfəmiz yoxdursa, balansın qorunması üçün mütləq nələrisə itiririk.

Bu ornamentlərə xas xüsusiyyətlərdən biri də lakonizmdir - az vasitə ilə yüksək bədii təsir əldə etmək. Bu qayda ilə, yəni az elementar simvolla çox sayda mürəkkəblik almaq yalnız quruluşların iyerarxiyası daxilində mümkündür. Bu prinsipin cəmiyyətdə tətbiqi nəticəsində isə elita yaranır. Təbiətin özü də belə təşkil olunmayıbmı?! Sanki təbiət özünü ifadə vasitələrinə qənaət edir. Arı pətəkləri bu prinsipin istifadə olunduğu ən gözəl nümunədir. Eynilə fonsuz naxışlarda olduğu kimi heç bir boşluq buraxılmadan yaradılan altıbucaqlılar. Daha az mumdan istifadə etməklə daha çox dərinlik.

"Məhdudiyyət kəşfin anasıdır" deyirdi Xudu Məmmədov. Forma nə qədər məhduddursa, fikir o qədər büllürlaşır. Bayatılarımız kimi.

El anadır, el ata.
Özgə olma elata.
Tanrı atsa, el saxlar,
Qorx o gündən el ata.

Kristalloqrafiya qanunlarına uyğun yaradılmış bayatıda mümkün qədər az sözlərdən böyük bitmiş bir ideyanı ifadə edən əsər yaranır. Dörd misraya bir kitablıq fikri sığışdıran xalq müdrikliyi. Xudu Məmmədov deyirdi ki, bəzən bir bayatıdan heyrətləndiyim halda bir kitabdan heyrətlənə bilmirəm, onları yaşatmaq, qorumaq üçün isə yaşamağa dəyər. Cəmiyyətdə də belə olmalı deyilmi? Fərd öz individuallığından imtina edib bir millətin individuallığını yaradır. Mükəmməl uyuşan yarımların formalaşması üçün az əhəmiyyətlini çox əhəmiyyətliyə qurban vermək, böyümək üçün kiçilmək. Xalq intuisiyası təbiətin qanunlarını duyur və ona öz yaradıcılığnda əməl edir. Simmetriya və məhdudluq bizim naxış yaradıcılığının xüsusiyyətləridirsə və əgər naxışlar da xalqın dünyaya baxışını əks etdirirsə, buradan belə nəticə çıxır ki, xalq özündə böyüklük axtarır. Ətrafda qayda, harmoniya görmək istəyir, qırılmaz tellərlə bir-birinə bağlılıq, davamlılıq, sədaqət, bir bütünün parçası olmaq, birlikdə yaratmaq istəyir. Bu naxışlarda forma sadəliyi ilə məzmun dərinliyinin birliyi ona yaşarlılıq verir və hər bir naxış məlumat daşıyır.

"And içmək"

Dilimizdə belə bir ifadə var: "and içmək". İlk baxışdan elə də məntiqli təsir bağışlamır. Heç andı da içərlərmi? Lakin naxışlarımıza nəzər salsaq görərik ki, əslində dilimizdə olan sözlərin əksəriyyəti heç də təsadüfi yaranmayıb, hər birinin yüzilliklərə dayanan mənası var.

Şəkil 2


Şəkildəki naxışa diqqət edək. Bu, qədim türk damğalarından biridir və adı "and" dır. Dairə qımız dolu kasanı (and qədəhini), içindəki nöqtələr isə qan damlalarını bildirir. Bu, əbədi müttəfiqlik mərasimi ilə bağlı bir rəmzdir. İnsanlar əllərini çərtərək qanlarını kasaya tökür və onu içirlər. Bununla da bağlanmış əhdə sadiq qalacaqlarına və xəyanət edəcəkləri təqdirdə hər cəzaya hazır olacaqlarına and içirlər. Çünki qədim inanclara görə hər bir canlının ruhu onun damarlarında axan qanda yaşayır. Bu baxımdan qan qardaşlığı genetik qohumluqdan daha möhkəm sayılırdı və bu insanlar arasında sədaqətin, öz sözünə sadiqliyin və xəyanətə nifrətin nümunəsi idi. Buradan belə nəticəyə gəlirik ki, andı həqiqətən içirlər. Möhtəşəmdir, elə deyilmi? Kiçik həcmli bir işarənin bu qədər böyük informasiya daşıması, lakoniklik, arxasındakı bu qədər dərin baxış və görünənin arxasındakı görünməyən. Bir xalqın naxışlarında unudulmağa məhkum edilmiş dəyərlər.

Bu gün bu fonsuz naxışlar dünyada ərəb ornamentləri adı ilə öyrənilir. Xudu Məmmədov bunun bir səbəbini də belə izah edir ki, orta əsrlərdə memarlıqda, naxışlarda insan və heyvan şəkillərinin çəkilməməsinin guya İslam dini ilə bağlı olması haqqında fikirlər var. Söz yox ki, sənət din təsiri altında ola bilər, lakin haqqında danışdığımız sənət qolunun eramızdan əvvəlki minilliklərə bağlı olduğunu və miniatürlərimizin saysız-hesabsız insan və heyvan şəkilləri ilə bəzəndiyini nəzərə aldıqda məlum olur ki, İslam naxış dilimizə təsir etməyib. Xalqımız canlı aləmi birbaşa təqliddən qaçıb, onların həndəsiləşdirilməsinə daha çox meyl edib. Onları əhatə edən, əsasən, əyri xətlərdən yaranmış təbii mühiti həndəsi şəkillərlə bir növ tamamlamağa çalışıblar. Xalçalarımızın naxışlarında düz xətlərlə çəkilmiş heyvan, ağac şəkillərinin çox olması bu naxışları yaradanların əyri xətlərdən istifadə edərək naxış yarada bilmədiklərindən irəli gəlmir, əksinə həndəsi ornamentlərin sadəliyi daha çox yaradıcılıq, bacarıq tələb edir. Həndəsi ornamentallıq mövcud naxış yaratmaq üslublarından sadəcə biridir və bizim arealımız üçün aparıcıdır, yəni məsələ nəyisə bacarıb-bacarmamaqda deyil.

"Orada insan əli ilə yaradılmış heç bir gözəllik yoxdur"

Fransız memar Le Karbüzyeyə görə əsərdə təbiətdən birbaşa götürülən heç nə olmamalıdır, hər şey onun qanunlarına tabe olmalıdır. Düşündüklərimiz gördüklərimizə, gördüklərimiz isə düşündüklərimizə təsir edir. Baxarkən baxan ilə baxılan arasında bir körpü qurulur, baxılandan yayılan işıq impulsları bu körpünün üzərindən keçərək öncə gözlərə sonra isə ruha çatır. Xarici dünyanın zorla içəri daxil olması zamanı iç nizam çölün nizamına uyğunlaşır. Xarici aləmdə qayda görən daxili aləmini də qaydaya salmağa çalışır, evinin içini də. Bəs biz bu gün ətrafımıza baxanda nə görürük? Hansı tikiliyə baxanda insan yaşadığını hiss edir və insan əlinin qüdrətinə heyran olur? Bu yerdə Xudu Məmmədov deyir ki, "orada insan əli ilə yaradılmış heç bir gözəllik yoxdur". Əgər sənət insan ruhunun reallaşma vasitəsidirsə, bu yöndəmsiz binalar hansı kirli ruhları təcəssüm etdirir və bizi hansı ortaq duyğular ətrafında birləşdirir? Bu qədər zəngin naxışlara malik bir ölkə nə estetik, nə də semantik məlumat daşımayan tikililərləmi gedir gələcəyə? Bu bir təsaüfdürmü? Bu sualın cavabı yenə də simmetriyada gizlidir. Çünki sənət əsərlərinin yaratdığı duyğular tək əsərin quruluşundan asılı deyil, həm də beynin quruluşundan asılıdır və bu zaman daha mürəkkəb simmetriya ortaya çıxır - bizim əsərə münasibətimizdəki simmetriya.

Gözəlliyə, qaydaya həssaslıq yaratmaq

Simmetriyanın yaranması üçün ya gördüklərimizin səviyyəsinə enəcək göz lazımdır, ya da ki, gördüklərimiz gözəlləşəcək ki, gözümüz onun səviyyəsinə qalxsın. Əgər baxdığımız hər şeydə gözəllik olarsa, növbəti mərhələdə onları görə biləcək gözə ehtiyac olacaq. Ehtiyac isə inkişafa təkan verir. Və biz gözəl üzərinə düşünməyə başlayacağıq. Gözəl baxmağı bacarmırıqsa, olmazmı ki, baxdığımız hər şey gözəl olsun, axı biz istər-istəməz bu simmetriyanı tamamlamaq üçün gözümüzü tərbiyə etməli olacağıq.

Bir ölkə düşünək: qapı dəstəklərindən başlamış binaların fasadınadək naxışlarla örtülü; yeridiyimiz küçələrdən başlamış dayanacaqlaradək zövqlə işlənmiş. Baxdığımız hər yerdən gözəllik, doğmalıq və zövq yağsa, insana mənəvi dayaq olsa, problemlərini unutdursa, bizdə suallar yaratsa və cavablar axtarmağa yönəltsə. İnsanda sonradan gözəlliyi qavramaq qabiliyyəti formalaşdırıla bilməzmi? Gözəlliyə, qaydaya həssaslıq yaratmaq, bunu bir ehtiyaca çevirmək...

İnsanlar monotonluğu sevmir, elə boş, cansıxıcı fasadlara baxmağı da. Bu, stres səviyyəsini artırır. Çörçill deyirdi ki, əvvəlcə biz binalarımızı tikirik, daha sonra isə onlar bizim həyatımızı formalaşdırır. Tanrı insanı yaradıb ki, o xoşbəxt olsun, memarın nə ixtiyarı var ki, onu bu xoşbəxtlikdən məhrum etsin?! Həqiqətən də, kimlər nə haqla bizim göz zövqümüzü korlayırlar, heçə endirirlər? Biz pis bir kitabı oxumaya bilərik, xoş olmayan bir musiqidən də qaça bilərik, amma evimizlə üzbəüz olan eybəcər binanı görməyə bilmərik. Xudu Məmmədov daşı daş üstünə zövqsüz qoyanlara qanunla cəza verilməsini düzgün hesab edirdi. Azərbaycan sirlərlə doludur və onun sirləri naxışlarda - insandakı işığı artıran şəkillərdə gizlidir. Elə isə naxışlara qayıtsaq ruhaniliyə də qayıtmarıqmı, eyni zamanda onlarda yaşayan dəyərlərə... Gözəl forma insanda ilahi hiss yaratmağa qadirdir. Üstəlik, bu gözəl həm də millidirsə, insana doğmalıq, aidlik aşılayır. Xalq sənəti ağacdır, budaqlar öz inkişafını bu kökdən alır, əsas gövdədən çox uzaqlaşa bilmir, ayrılsa qırılar, öz varlığını sübuta yetirə bilməz. Bütövdən ayrılan çürüyər.

Yenilik dərin köklər üzərində qurulmursa, uzunömürlü olmur. Milliliyi olmayan sənətin dünya xəzinəsində yer tapacağına inanmırdı Xudu Məmmədov. Elə insan kimi. Təsirə məruz qalıb öz individuallığını itirmək, məruz qalmayıb öz individuallığını inkişaf etdirməmək qədər qəbahətdir.

Bəs Bakı öz sifətini nə qədər qoruya bilib? Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı. Əgər baxdıqlarımız bizi heyrətləndirərsə, insan bu heyrətdən yaradıcıya da çevrilə bilər, tədqiqatçıya da. Baxdıqlarımızdan həvəslənib bizdə də yaratmaq istəyi oyanar. Mənsub olduğumuz xalqı düzgün tanıyar, dəyərlərini anlayarıq. Xəlil Cübran dənizin sirrini damcıdan öyrənən kimi, biz də Azərbaycanın sirrini naxışlardan öyrənə bilərik. Vətəni qaytarmaqdan ötrü Vətənin həqiqətini bilməliyik. Tanrı ölkəmizi də kristalloqrafik naxış yaradıcılığına uyğun yaradıb. Ərazi genişliyinin önəmli olmadığı, dünyaya sabah nə verəcəyinin önəmli olduğu yaradıcılıq. Elə Xudu Məmmədov kimi. Dünyada kiçik yer tutsa da, böyük işlər görmüş, muğamı naxışlara köçürüb. Üzeyir Hacıbəyov musiqimizin qrammatikasını yazdığı kimi, ornamentlərin qrammatikasını da Xudu Məmmədov yazıb. Bu dil sayəsində sənət nümunələrinə baxıb bu stilin hansı xalqa mənsubluğunu, əsərdə nələrin gizləndiyini bilmək olur.

Bizim qarşımızda da həll etməli olduğumuz suallar dayanır: hazırda açılan kristal quruluşlarından ornament kimi istifadə mümkündürmü və ya ornamentlər daha hansı açılmamış quruluşları bildirir? Xalq sənətimizdə başqa hansı qanunlardan istifadə olunub? Suallar çoxdur... Hələ toxunmamış, çəkilməmiş, yonulmamış nə qədər məlumat var. Təbiət bizim əlimizlə insanları heyran edəcək çox şeydən danışsın. Azərbaycan gerçək naxışlarına qovuşduğu gün məhkum olduğu bozluqdan xilas olacaq. Yaxşı arzularda isə gerçəkləşmək qüdrəti var.
Günay Quliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti