Fərhad Əliyev: “Ən çox əsəbləşdiyim iş İran səfirliyinin saytı olub”

3-12-2012, 18:45
Oxunub: 2378
Həyatda çətinliyə baxmayaraq həmişə məqsədə doğru getmək lazımdır


Biz onları tanımırıq. Ancaq onları tanımaq bizim üçün önəmlidir. Çünki "bizim zamanımızda belə deyildi” deyənlərə yaxşı nümunələr təqdim etmək lazımdı. İndi artıq bizimlə yeni simaları tanıya biləcəksiniz.
Müsahibimiz web-dizayner Fərhad Əliyevdir, ancaq ən yaxşısı biz onu Fərhad kimi tanıyaq. O, solçudu amma kapitalist yanlısı kimi danışır, o xaricə getmək təhsil almaq istəyir, amma vətəninə qayıtmaq üçün. Qısası, onu siz də tanıyın, ziddiyətləri və səmimiliyi ilə birlikdə.

-Xoş gəlmisən. İstərdimki, ilk öncə özün haqqında məlumat verəsən.

-Uşaqlığım Salyanda keçib. Orta məktəbi də orda bitirmişəm. Uşaqlığımda çox şeylə, o cümlədən rəssamlıqla maraqlanmışam, ümumiyyətlə hər şeylə maraqlanmağa çalışmışam. Valideynlərimin mənə verdiyi istiqamətlər standart şeylər olduğu üçün, marağım olmayıb. Mənim marağım əsasən coğrafiyaya, dillər öryənməyə və bilgisayara olub. Kompüter görəndən sonra dedim ki, vəssalam bu iş mənimdi. Amma elə oldu ki, belə deyək valideynlərimin sayəsində 2-ci qrupa imtahan verməli oldum. Amma mən öz istədiyimə gedən adam olduğum üçün, orda coğrafiya fakültəsi tapdım və ora getdim və elə alındı ki, 522 balla Sumqayıt Müəllimlər Universitetinin coğrafiya fakültəsinə daxil oldum. Ora daxil olanda valideynlərim mənə dedilər ki, yenə də istədiyini elədin. Heç peşman deyildim çünki mən belə düşünürəm ki, insan öz istəklərinə doğru getməlidir. Onda o hər bir işdə uğur qazana bilər.

-Bəs ailən sənə necə münasibət bildirirdi? Yəni mən bildiyim qədəri ilə Salyanda mühafizəkar, dinə, dini adətlərə böyük yer verən insanlar çoxdur. Bəs öz fikirlərini deyib və onların arxasında dayanmaq sənin üçün çətin olmadımı?

-Bəli, bu doğrudur. Həmişəki kimi ailəmdə bu fikirləri pis qarşıladılar. Yəni, uşaqların valideynlərə qarşı çıxması həmişə pis qarşılanır. Təbii ki, onlarda buna pis münasibət göstərdilər. Düzdür, bir müdət müqavimət göstərildi bu fikirlərimə qarşı, amma sonra gördülərki mən istədiklərimi əldə etməyi xoşlayıram və uğur da qazanıram. Hərbi xidməti bitirib magistraturaya daxil oldum və özüm özümü dolandırmağa hətta evə kömək etməyə başladım, beləcə onları fakt qarşısında qoydum. Göstərdim ki, istədiyin şeylə məşğul olub uğur qazanmaq olar.

-Bu məncə ümumi Azərbaycanın problemidir, elə deyilmi? Valideynlər gənclərin fikirlərini məhdudlaşdırırlar və bu düzgün deyil.

-Bəli, məncə də bu səhv fikirdir. Çünki, ailənin sənin üstündə böyük əməyi var və əgər sən onların sənin üçün seçdiyi bir yolla gedirsənsə, iş sənin üçün bərbad bir məşğuliyyətə çevrilir və dediyim kimi gələcəkdə tamam gözündən düşür.

-Hal hazırda hansı işlə məşğulsan?

-İndi ixtisasım müəllimlikdir, lakin indi müəllimlərin maaşı çox azdı və həmdə indiki uşaqların tərbiyəsi, mədəniyyəti və dünya görüşünün hansı səviyyədə olduğu məlumdu ona görə də, bu iş mənə o qədərdə aktual görünmədi. Bir müddət müəllim işlədim, gördüm ki, alınmır həm maddi tərəfdən həm də əsəblərim korlanırdı. Sonra çox işdə işlədim, notariusdan tutmuş satıcıya qədər. Sonra gördümki yox bele olmur, öz sevdiyim işlə məşğul olmalıyam. Bu işə başlayanda isə sıfırdan başlamalı oldum, müəllimimdə yox idi. Ona görə də hər şeyi özüm öyrənməli oldum. Düzdür ilk aylar çox çətin oldu. 6-7 ay çox çətinlik çəkdim. Hətta elə vaxt olurdu ki, uzun müddət pul tapa bilmirdik. Özümü evə sübut etməli idim yəni, bu işi özüm bacara bilərəm, ona görə də evdən kömək istəyə bilmirdim. Hətta hərdən elə olurdu ki evdən məcbur pul göndərirdilər amma çox vaxt mən yalandan deyirdim ki, pulum var lazım deyil. Bir müddət çətin oldu, amma sonra düzəldi. Məncə bir işə həvəslə başlayırsansa o işdə mütləq uğur qazanacaqsan.

-Müəllim olmamağına iki faktor gətirdin. Yəni maaşının az olmasını birdə indiki uşaqların vəziyyətini səbəb kimi gətirdin. Bəs maaşı çox olsaydı necə?

-Sözün düzü mən hər bir şəxslə dil tapa bilirəm. Həmdə dizayn işidə elə bir işdirki hamı ilə dil tapmağa məcbursan və bu artıq xarakter halını alır. Çünki qatı dindarından tutmuş, siyasətçisinə qədər hər kəs sifariş verir və sən onlarla dil tapmağı bacarmalısan. Mən realist insanam və işimlə onun qarşılığında götürdüyüm pulu müqayisə edəndə, ortaya böyük bir fərq çıxır. Yəni yenə də o işin qarşılığı olmur. Zəhmətimin boşuna getməməyi üçün mən bunu qəbul etmədim.

 

Fərhad Əliyev: “Ən çox əsəbləşdiyim iş İran səfirliyinin saytı olub”

 

-İndiyədək ən xoşuna gələn işin hansı olub?

-Belə deyək, dizayner elə bilki incəsənətdi. 90% işdə bu sənin istəyinin üstündən keçmir, çünki bu müştərinin istəyi olur, o istədiyini sifariş edir. Ona görə də sənin gördüyün ən xoş iş sənin öz istəyinlə gördüyün öz işin olur. Mənimdə ən xoşuma gələn portfoliom olub. Çünki mən orda sırf özümü, öz düşüncəmi qoymuşam. Orda hətta hər xırda detalı həyatıma aid olan insana aid eləmişəm. Hər bir insana diqqət ayırmışam. Məsələn orda bir dizayn yığmışam, otaq və stol. Ordaki stolun üstündə olan kibritdən divana qədər hər biri, bir insana aiddir. 
O, mənim öz düşüncələrimdir, özümdür. Mənim portfoliom mənim dünyamdır.

-Bəs səni ən çox yoran işin hansı olub? Hansıki bezmisən onu işləyəndə.

-Mən düzü öz işimdən heç vaxt bezmirəm, bezsəm yəginki işləyə bilməzdim. Və ümumiyyətlə bu iş səbr tələb edir. Amma belə ən çox əsəbləşdiyim iş İran səfirliyinin saytı olub. Özüdə ilk başladığım vaxtlar idi, həmdə farslarla işləmək mənə çox çətin gəlirdi. Həm dindar baxımdan çox şey istəyirdilər həmdə onlar xarakter cəhətdən çox neodekvat insanlardı. Onlarla işləmək daha mənim üçün zülüm olmuşdu.(gülür)

-Nə tələb edirdilərki?

-Elə şeylər istənilirdiki, belə deyək nə istədiklərini bilmirdilər amma tələb edirdilər. Mənim işimdədə ən pis hal budur. Yəni müştəri nə istədiyini bilmir amma səndən elə ancaq nəsə tələb edir.

-İran səfirliyinin saytı neçə aya başa gəldi?

-İş çox uzadılırdı. Mən şirkətdən çıxmışdım artıq iş isə hələ davam edirdi.(gülür)

-Nə idi onları qane etməyən, rənglər idimi, dizayn idimi? Onlar özləri öz dizaynlarını verirdilər?

-Yox dizaynı biz veririk. İslam respublikası olduğu üçün əsasən yaşıl rənglər və digər çalarlardan istifadə olunurdu. Yenə deyirəm, sadəcə bu ilk işim idi demək olarki yəni başlanğıc idi. İndi də baxıram və utanıram, ən utandığım saytlardan biridir(gülür). O qədər bərbad yığmışam ki, ozümdə girib baxanda bunun şahidi oluram. Bu elə bilki uşağın ilk dəfə plastilindən yaratdığı adam formasıdı. O da mənim ilk dəfə plastilindən hazırladığım adamım idi. Həm onlar funksional baxımdanda çox şey tələb edirdilər məsələn, deyirdilər fars dilində sayt soldan yox sağdan başlamalıdı. Belə şeylər. Çox bezdirirdilər günə 10-15 dəfə zəng vurub eyni şeyləri soruşurdular. Biz deyirdik, dediyin şeyi zəng eliyib birdə deyirsən.

-Məncə internetlə, dizaynla, məşğul olan insanların həyata baxışlarında biraz fərq olur. Adətən biz onları mühitdən kənar görürük. Amma səndə belə deyil. Maraqlı danışırsan, gözəl yumor hissin var. Ayrıca, bu virtual aləmlə məşğul olan insanlar kompüter üçün həmişə darıxırlar, istəyirlər ki, tez kompüteri götürüb işlə məşğul olsunlar. Amma səndə mən bunu hiss eləmişəm. Bunu necə bacarmısan ki, sadəcə kompüterlə yaşamırsan?


-Sözün düzü kompüterə bağlılıq biraz məndə də var (gülür). Sadəcə sosial şəbəkədə çox oturmağı sevmirəm. Çünki, virtuala bağlı insan deyiləm reallığa bağlıyam. Bu mənim çoxdanki xarakterimdi və mən belə tanışlarımı da həmişə qınayıram. O, insanlar boşluqlara, mənasız şeylərə bağlıdırlar. Real həyatda yaşamaq lazımdır. Niyə mən bir insanla facebookda danışmalıyam, əgər onunla kafedə oturub söhbət edə bilərəmsə? Bu sadəcə həyatı və hissləri mənasızlaşdırır.

-Bəs sən özün bu işlərlə məşğul olan adam kimi sosial şəbəkələri necə qiymətləndirirsən?

-Məncə sosial şəbəkələrin yaranma məqsədi sırf tanışlıq deyildi, orda paylaşmalarla təşkilatların tanınması, insanların tanınmasıəsas rol oynamalı idi. Sırf reklam xarakterli birşey idi. Vəya konsertlərə, tədbirlərə adam yığmaq üçün. Həqiqətəndə bu kütlə yığmaq üçün çox yaxşıdır. Qısa müddətdə maksimum adam cəlb edərək həqiqətəndə kütlə yığmaq olur. Reallıqda bu mümkün deyil. Bir tərəfdəndə mənfi cəhəti varki, insanlar öz vaxtlarını bura çox sərf edirlər. O, qədər bağlanırlarki virtuala realda söhbət edə bilmirlər. Məsələn bir dostum var idi, mən onunla virtualda danışırdım çox yaxşı, yəni normal danışırdı. Amma real həyatda görüşəndə uşaqların arasında sıxılıb qalırdı, səsi çıxmırdı. Gələndə salam verirdi birdə gedəndə "sağol" deyirdi.

-Sən həmdə qərbdə olmusan və yəqin ki, xarici saytları izləyirsən. Səncə bir qərbli, hansısa Azərbaycan saytına girəndə onları necə görər?

-Orta əsr kimi. Çünki, dizaynlarda müasirlik çatışmır. Azərbaycanda ümumiyətlə hər yerdə müasirlik çatışmır. Bilmirəm səbəb nədir, amma bizdə hər kəs müasirlikdən qorxur. Bugün bütün bizneslərin başında bizdə yaşlı insanlar dayanır, yaşlı insanlarda köhnəliyə bağlı adamlardır və yenilikləri qəbul etmirlər. Hər şeyi öz istəkləri üzərində qururlar, gənc nəsildə bunları qəbul etmir. Avropada yaşlı insanlarda müasirliyi qəbul edir amma nədənsə bizdə bu yoxdur. Ona görədə inkşaf dayanıb bizdə.

-Elə bir sifariş almısanki onu işləmək istəməmisən demisən bu ölkəyə ziyandı?

-Əgər düşüncələrimə, cəmiyyətə ziyanlı bir şey olsa qəbul etmərəm. Əslində mən işlə öz düşüncələrimi verdiyim dəyərləri qarışdırmıram. Məsələn, mən solçu, kommunist ola-ola liberalların saytını yığmışam. Məsələn qatı dindarlarda mənə sayt təklif edib halbuki mən fundamentalist dinə pis paxıram. Yəni mən əsas işimi qiymətləndirirəm. Mənim üçün düşüncəmin əhəmiyyəti yoxdur.

-Bu sağlam kapitalist düşüncəsidir. Bəs sən necə solçu olmusan?

-İnsan hər cür şəraitdə uyğunlaşıb inkşaf etməlidir. Bəziləri deyirki sən necə kapitalist işi ilə məşğulsan? Mən cavab verirəm ki, bankda işləyən solçular var, mən isə sistemin içində işləyirəm və sistemin içərisindən yeyirəm (gülür).

-Sən solçuluğa necə meyllənmisən? Sənə nə təsir edibki solçu olmusan?

-Solçu olmağıma düzü hüçnə təsir etmədi. Sadəcə özüm maarifləndim.

-Nə oxudun, nə elədin?

-Sözün düzü mən heçnə oxumamışdım, sadəcə insanı formalaşdıran onun ailə vəziyyəti və böyüdüyü mühitdir. Məncə bir varlı ailədən çıxan kübar, çətinlik görməyən biri solçu ola bilməz, o kapitalist, liberal düşüncəli insan ola bilər. O, anlaya bilməz. Çünki, çətinlik görməyib. Məsələn, çöldə güclü musiqiçi qəpik-quruş üçün musiqi ifa edəndə mənim düşüncələrim yıxılır.

-Demək sosial ədalətsizliyə görə sən solçuluğu qəbul etmisənki, hamı eyni yaşamalıdı. Yəni ən azından hamı haqqı olanı almalıdı.

-Bəli və istismara ümumiyyətlə qarşıyam. Məsələn bir kapitalist 500 fəhləyə onların işlərinin qarşılığında qəpik-quruş verir, halbuki onların işləri minlərə laiqdir. Bu onların işini mənimsəmək deməkdir və bu ədalətsizlikdir.

-Amma solçular iqtidara gələndə bu romantizm biraz başqa cür olur. Məsələn diktə olur. Özün diktə götürmürsən amma diktə edirsən.

-Çoxusu deyirki S.S.R.İ-də gördük bunu. Amma S.S.R.İ-də kommunizm idi, sosializm tamam başqa şeydir mən sosializmi dəstəkləyirəm.

-Məsələn Çin kimi.

-Çində əslində o qədərdə uğurlu nümunə deyil çünki ordada bazar iqtisadiyyatıdır. Mən isə Kuba deyərdim. Kuba mənim üçün sosializmə daha yaxındır.

 

Fərhad Əliyev: “Ən çox əsəbləşdiyim iş İran səfirliyinin saytı olub”

 

-Bəs Fidel Kastroya sayt yaratmaq barədə fikirləşmirsən?

-Təklif alsam böyük həvəslə işləyərəm (gülür). O, ölkəni ona görə seçirəm ki, məsələn ABŞ-ın büdcəsi bütün Kubanın üstünü örtməyə bəsdir, amma o hər hansı bir xəstəliyin dərmanını axtarmağın marağında deyil. Hətta bəzən bir dərmanı tapırlar, amma onu satmırlar ki, digər dərmanlar da satılsın. Amma Kuba xərçəngin dərmanını tapdı və bunu pulsuz payladı. Bu hörmətə dəyən bir şeydi. Kuba ona görə kasıbdırki, ABŞ kimi böyük kapitalist dövlətin yanında yerləşir, 4 tərəfi sudu və təbii sərvətləri kəsaddır.

-Məşhurlardan kimin saytını hazırlayarsan?

-Düzü ən çox ya hansısa rəssamın ya da jazz ifaçısının saytını hazırlayım. Azərbaycan pop müğənnilərindən təklif alsam götürməzdim.

-İşinlə bağlı məqsədlərin nədir?

-Mən istəyirəmki işimlə bağlı xarici ölkəyə gedim və orda çalışım. Daha peşəkar olum və işimə daha çox dəyər verilsin.

-Yəni ölkədən getmək istəyirsən?

-Məncə hər bir gənc bunu istəyir. Əslində hər şey yaxşı olsa niyə də gedim? Şərait yaxşı olsa getmərəm.

-Bəs getsən ölkə üçün darıxmayacaqsan?

-Məncə getsəm qayıdacam, birdəfəlik getməyəcəm. Çünki burda mənim dəyər verdiyim insanlar var, hörmət etdiyim insanlar, həmçinində dostlarım var. Düzü yaxın dostlarım azdı. Və yaxın insanlardan ayrı qalmaq çox çətindir, hara getsən onlar üçün darıxırsan.

-Necə bir ölkədə yaşamaq istəyərdin?

-Sosialist ölkədə(gülür). Mən tarixi yerləri sevirəm. Bakıda məsələn ən sevdiyim yer İçərişəhərdir. Arxitekturası, tikililəri və hər şeyi ilə. Əsasəndə tarixi yer olması. Mən qədim tikililəri sevirəm. Göydələnləri heç sevmirəm. Nə qədər müasir arkitekturaları olsa belə yenə də o qədərdə xoşuma gəlmir.

-Səncə bu yetişən gənclik sənin xəyal etdiyin gələcəyi sənə verə biləcəkmi?

-Məncə olacaq çünki inkşaf qaçılmazdır. Gec olacaq amma olacaq. Əgər inkşaf olmasa biz hələ quldarlıq dövründə yaşayardıq.

-Gənclik sənin üçün nə qədər önəmlidir?

-Çox önəmlidir. Cəmiyyəti gənclər müəyyən edir. Elə inkşafıda həmçinin.

-Sən xəyal etdiyin o gələcək üçün hansısa bir addım atırsan?

-Sosializmi yaymaq üçün solçuların saytını yığmışdım. Maarifləndirmək lazımdır insanları. Maarifləndirmə həmişə ən yaxşı yol olub.

-Adətən məhkəmədə deyirlər, son sözün nədir? Yəni son olaraq nə deyərdin, dostlarının və tanışlarının səni dinlədiyini bilərək.

-Bu barədə heçvaxt fikirləşməmişəm, son söz(gülür). Əsas odur ki, həyatda heç vaxt çətinlikdən qorxmamaq lazımdır, həyatda çətinliyə baxmayaraq həmişə məqsədə doğru getmək lazımdır.

Şərhlər : 5 Şərh yaz
Turan 4 dekabr 2012 00:14  
Fərhad, səni sevirik! (gülürəm)
Könül 4 dekabr 2012 10:07  
Davamı gəlsin, Fərhad =))
Turanın sözünə qüvvət: "Biz səni çox sevirik!" =))))))))
İntiqam 9 dekabr 2012 03:13  
İran saytı... aydaaaa... )))))) son söz ++++
Negotiator 24 dekabr 2012 03:31  
Bir dəfə TRT Türk telekanalında türkiyəli ekspertin İranla bağlı siyasi şərhinə qulaq asırdım. Təəssüf ki, adinı unutduğum həmin ekspert gözəl bir ifadə işlətdi. "İran nə istəmədiklərini çox gözəl bilən, nə istədiklərini bilməyənlərin ölkəsidir." İndi bu müsahibəni oxuyanda həmin ifadəni xatırladım.
GULNAR 14 yanvar 2013 21:50  
FERHAD sen bizim fexrimizsen.inwallah bundan da boyuk ugurlara imza atasan..opurem))))

FERHAD sen bizim fexrimizsen.ugur hemiwe seninle olsun.opurem
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti