Nərgiz Yaqublunun müsahibəsi

5-12-2012, 11:03
Oxunub: 4397
"Dediyimkimi Nigarla müzakirələrimiz olur. Ancaq partiya, təşkilat qurmaq barədə düşünməmişik. Bəlkə gələcəkdə ola bilər,ancaq hal-hazırda bu barədə söhbətlərimiz olmayıb"


O, yeni nəsil gənclərin tanınan simalarındandı. Biz onu aksiyalardan, etirazlarından daha çox tanıyırıq. Etiraz edərkən hırçındı. Yaxından tanımaq istədik onu, gəldi danışdıq. Səmimi danışdı, amma hər cümləsində də mübarizəsini dilə gətirdi. Müsahibimiz Nərgiz Yaqubludur.

 

-Özünüzü necə təqdim edərdiz?

-Nərgiz Yaqublu, 1989-cu ilin dekabrın 8-də Abşeron rayonunda doğulmuşam. Əslən Gürcüstanlıyıq. Burda böyümüşəm, orta məktəbi burda bitirmişəm.

-Təhsilinizi bitirmisiniz? Oxuduğunuz universitetdə sizə təzyiqlər olurmu?

Xeyr, Xəzər Universitetində İngilis dili fakültəsində oxuyuram. İxtisasım tərcüməçidir. 5-ci kursda oxuyuram.

-Oxuduğunuz universitetdə sizə siyasi mənsubiyyətinizə görə təzyiqlər olurmu?

-Bizə heç bir təzyiq olmayıb. Ancaq, ADNA-da 30 apreldə terror olduqdan sonra bu günün matəm elan olunması ilə əlaqədar mayın 10-da aksiya etmişdik. Gül bayramı qeyd olunurdu həmin gün. Onda mənə yox, bacıma görə, universitet rəhbərliyinə xəbərdarlıq gəlmişdi ki, Nigar Yaqublu ərizə yazıb bildirsin ki, bir daha aksiyalara çıxmayacaq. Çünki bacım da Xəzər Universitetində təhsil alırdı. Nigar da, təbii ki, ərizə yazmaqdan imtina etmişdi. Bununla da bu məsələ bitmişdi. Mənə elə gəlir ki, başqa universitetlər olsaydı, "aksiyalara çıxma” və s. deyəcəkdilər. Amma universitet rəhbərliyindən heç bir təzyiq olmayıb.

-Bəs necə oldu siyasətə gəldiniz?

-Biz müsavatçı ailəsində doğulmuşuq, ailəmizdə Müsavat, Elçibəy, İsa Qəmbər haqda eşitmişik, atam da müsavatçıdır. Bizə evdə atam heç vaxt deməyib ki, gedin Müsavata üzv olun. Elə oldu ki, Nigarla bir yerdə qərar verdik Müsavata üzv olmağa. ADNA-da terror olan ilin qış aylarına təsadüf edirdi. Onda könüllü surətdə ərizəmizi verdik.

-Müsavat partiyasını seçməyiniz atanızın Müsavatın funksioneri olmağı əlaqədar deyil ki?

-Təbii ki, bunun bizə çox təsiri oldu. Amma o, heç vaxt bizə Müsavata üzv olmaq barədə bir şey deməyib, mitinqlərə çıxmaq barədə bir söz deməyib. Biz bu işləri könüllü olaraq etmişik.

-Nərgiz Yaqublu deyəndə cəmiyyətdə mitinqlərin, aksiyaların ön sıralarında barışmazlıq obrazı yaradan bir xanım təsəvvürə gəlir. Ailədə, evdə də beləsiniz?

-Buna bir misal çəkim; bir dəfə fəlsəfə dərsində idim. Müəllimim hələ də bilmirdi ki, mən Nigarın bacısıyam. Sonra adımı deyəndə ki, mən Nərgiz Yaqubluyam, müəllim də soruşdu ki, aksiyalara çıxan qız?! Daha sonra 20 oktyabr mitinqindən sonra, yəqin ki, şəkillərdə polislərin məni tutub apardığı şəkilləri görmüsünüz, bir neçə gün keçdi, dərsə getdim. Müəllim uşaqlara dönüb dedi ki, heç bilmirsiniz aranızda necə qız oturub. Dərsdə çox sakit otursa da, meydanlarda belə deyil. 

 

-Nigarın həbsini eşidəndə hansı hissləri keçirdiniz? Gözlənilən idi sizin üçün?

-İlk eşidəndə Aydın bəyə görə çox üzüldük. Heç kəs bu qəza olayından sığortalanmayıb. Qəza şənbə günü, saat 11-də olmuşdu. Mən qərargahımıza getmişdim, ordan hamı məndən Nigarın necə olduğu barədə soruşdu. Orda bir nəfər dedi ki, Aydın bəy vəfat edib, Nigar isə yaxşıdır. Narahat olma. Mən elə bilirdim zarafat edirlər. Sonra gördüm ki, ciddi danışırlar. Dərhal atama zəng etdim. Atam da dedi ki, gəl evə, Nigar yaxşıdır. Ayağı və bədənində bəzi yerlər zədələnmişdi. Amma yaxşı ki, ciddi zədə, xəsarət almamışdı. Nigarın Tofiq Yaqublunun qızı olduğunu öyrəndikdən sonra Nigarı tutdular, bir gün axşama kimi saxladılar. Biz düşünürdük ki, Nigarı buraxarlar. Sonra bildik ki, həbs düşməsədə  barəsində həbs etmək qərarı veriblər. Sonra iqtidarın xəbər saytlarında xəbər yayıldı ki, Nigar Yaqublu istintaqdan yayındığı üçün 2 aylıq həbs qətimkan tədbiri görülüb. Ancaq belə bir şey olmamışdı. Çünki hər dəfə bölməyə çağıranda getmişdik. Elə olub ki, biz getmişik, amma özləri olmayıblar, çağırdıqları halda. Özləri zəng edib deyirdilər ki, işimiz çıxıb, siz gedin. Nigar həmin gün həbs olundu və sonradan bizə məlum oldu ki, bu hakimiyyətin istəyi ilə olub. Tutulandan 20 gün keçdikdən sonra bizə bölmədən çağırış vərəqəsi gəldi. (gülür) Mən dedim ki, görün vəziyyət necədirsə, Nigar 20 gündür Kürdəxanıda həbsdədir, amma çağırış vərəqəsi indi gəlir. Burdan görünür ki, hər şey düzüb-qoşmadır, saxtadır. Nigarın 12 vəkili var. Çox sağ olsunlar, özləri könüllü şəkildə bu işi görürlər. O, vəkillər nə qədər vəsatət qaldırıblar, əsaslar, dəlillər verdilər, yenə də deyirdilər ki, istintaqdan yayınıb və hazırlıq məhkəməsində və qapalı məhkəmədə hakim heç bir şey deyə bilmirdi, qışqırıb deyirdi ki, mənə kömək edin. Prokurorun üstünə qışqırırdı ki, niyə sakit durmusan, mənə kömək et. 

-2 aprel məhbuslarından fərqli olaraq, Nigar Yaqublunun həbsi ilə bağlı partiyalar aksiyalar keçirmədi, cəmiyyətin gözlədiyi reaksiyalar verilmədi. Bununla bağlı fikriniz nədir?

-Nigarın tutulduğu ilk həftədə düşünürdük ki, Nigarı buraxarlar. Ona görə də, nəsə edib onları qıcıqlandırmaq istəmirdik. Ancaq buraxmadılar. İlk dəfə idi ki, hansısa müxalifətçinin başına bir hadisə gəlsin, həbs olunsun və YAP-çı vəkillər də etiraz etsinlər. Etdilər də. 

Ümid edirsiniz ki, Nigar məhkəmələrdən sonra azadlığıa buraxılacaq?

-İlk məhkəmədə inanırdım. Artıq inanmıram. Əslində hər ikisinə özümü hazırlayıram. Nigarın özü deyib ki, mənə görə narahat olmayın. Şərait normaldır. Cəza verilsə, ən pis halda, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkəcək. 

-Nigarın özünün ruh halı necədir?

Yaxşıdır. Deyir ki, ora mütaliə üçün yaxşı yerdir. Kitablarını istəyir. Görüşə gedəndə kitab aparırıq.

-Hansı kitabları istəyir əsasən?

-İngilis dilində kitab istəyir. Tarixi kitablar, romanlar oxuyur. O da ingilis dili fakültəsində bitirib. 

-Bəs siz hansı kitabları oxumağa üstünlük verirsiniz?

-Əsasən romanlar oxuyuram. Anarda, Elçindən, İsi Məlikzadədən oxumuşam. Xarici ədəbiyyatdan Ernest Heminqveyin "Əlvida,Silah!” əsərini oxuyuram. Müasir Ədəbiyyatdan İlqar Fəhminin "Aktrisa” əsərini oxumuşam. Maraqlı əsərdir. 

Anarın  "Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabını oxuyub, Nigarın yanına gedib ağladığım zamanları xatırlayıram (gülümsünür)

 

-Bəs hansı musiqini xoşlayırsınız?

-Ən çox dinlədiyim Röyanı hamı bəyəndiyi kimi mən dinləyir və bəyənirəm. Ancaq, Zeynəb Xanlarova, Flora Kərimova, Oqtay Ağayev, Akif İslamzadə, Hüseynağa Hadıyev dinləyir və çox bəyənirəm. Xarici estradadan da dinləyirəm, amma ən çox bunları sevirəm.

-Çox təzadlısınız...

-Hətta telefonumda aşıq mahnıları da var. Hə, bunu hamı mənə deyir ki, çox təzadlıyam. Retro mahnılarınıda çox sevirəm.

Hərəkatçı bir xanım evdə kifayət qədər evdar xanım ola bilir, həm də romantizmini qoruyub saxlayır. Romantizmi, hərəkatçılığı, evdar xanımlığı eyni anda necə özünüzdə ehtiva edə bilirsiniz? Bunlar sizi tamamlayır? Yarımçıqlıq deyilki bu?

Hə, bunlar məni tamamlayır, yarımçıq deyil. Mənə görə bunları bir yerdə tutmaq çətin deyil. Öz ixtisasıma uyğun bir iş istəyirəm. Hansısa başqa bir iş görsəm, bunu müvəqqəti edərəm. Əsas öz ixtisasım mənə maraqlıdır.

Nərgiz Yaqublunun müsahibəsi

 -Müsavat deyib, Məmməd Əmin Rəsulzadəni unutmaq olmaz. Rəsulzadənin əsərlərini oxumusunuz?

- "Əsrimizin Səyavuşu” əsərini oxumuşam.

 -Başqa hansı əsərlərini?

-Tək onu oxumuşam.

-Rəsulzadənin niyə sevirsiz? Hansı xüsusiyyəti onu, sizə sevdirib?

-Onun fikirləri, o dövrdə apardığı mücadilə, mütərəqqiliyi sevməsi və bu kimi xüsusiyyətləri. Elə bir dövrdə təşkilatlanıb cumhuriyyət qurması və s. Bəzən mənə sual verirlər ki, başqa bir ailədə doğulsaydın yenə Müsavatçı olardın?! Bu suala cavab vermək çətindir. Rəsulzadəni sevməyimə atamın Müsavatçı olması da səbəb olub. Hazırda isə hansısa bir yolla Rəsulzadəni bizə unutdurmaq istəyirlər

-Bəlkə buna görə Rəsulzadəni sevirsiz? Müdafiə etmək istəyirsiz?

-Əlbəttə bunların da təsiri var. Amma bizdə ən çox Müsavatdan, Rəsulzadədən, onun gördüyü işlərdən, qurduğu cumhuriyyətdən danışılıb və bunlar da istər-istəməz adama təsir edir. Çox istərdim ki, onların dövründə yaşayım. Ya da düşünürəm ki, onlar bu gün yaşasaydılar necə hərəkət edərdilər. 

 

-Baxın, mübarizə deyirsiniz, deyək ki, bir gün Müsavat Partiyası iqtidara gəldi, sosial bərabərsizlik düzəldi, demokratiya və s. hər şey yaxşıdır. Sonrakı fəaliyyətiniz barədə nə düşünürsünüz?

Bundan sonra nə edəcəyimi planlı şəkildə düşünməmişəm. Hər halda, ondan sonra sakitləşərəm. Mən də hamı kimi işləyərəm.

Yaxşı, Müsavat hakimiyyətə gəldi, heç nə dəyişmədi, hər şey yenə bugünki kimi qaldı, o halda nə edərsiniz?

Mən inanıram ki, Müsavat hakimiyyətə gəlsə, hər şey yaxşı olacaq. Biz üzvü olduğumuz partiyaya inanırıq, onun şərəfini qoruyuruq, qoruyacağıq da. Ancaq bir gün elə bir şey baş versə, mən yenə də öz etirazımı bildirəcəyəm. Mənim partiyamdır deyə susub oturmaram.

-Birazda ailə barəsində danışaq. Nigar sizdən daha dominant görünür. Bu belədir?

Bu şəraitə görə dəyişir. Ancaq məndən böyük olduğu üçün onun sözünə qulaq asıram bəzi məsələlərdə.

-Ailə qurmaq barədə nə düşünürsünüz?

Hələ ki, ailə qurmağı düşünmürəm. Rəfiqələrimdə görürəm ki, ailə qurandan sonra başları ev-eşiyə qarışır, ailə, uşaq, özləri qalır bir kənara. Passivləşirlər. Mən hələ mübarizə aparmaq fikrindəyəm. Həm də ki, evlənəcəyim adam məni belə qəbul etməlidir, yəni partiyada olmağımı, aksiyalara, mitinqlərə çıxmağıma etiraz etməməlidir.

-Evdə Nigarla, atanla siyasət barədə söhbətləriniz olur?

Atamla demək olar ki, bu barədə evdə heç nə danışmırıq. Nigarla isə çox az olur. Müsavat Gənclər Təşkilatının iclasından sonra adətən evdə müzakirəmiz olur bir az.

-Dünyada mübarizə aparan bir çox tanınan simalar, tarixdə gənclik illərində partiyalarda təşkilatlarda təmsil olunsalar da, zamanla mübarizə meydanındaki  təmsil etdikləri təşkilatdan daha böyük görünməyə başladıqda, özləri yeni təşkilat, siyasi xətt yaradıblar. Heç olub ki, Nigarla yeni təşkilat, yeni partiya qurmaq barədə düşünəsiniz?

-Dediyim kimi Nigarla müzakirələrimiz olur. Ancaq  partiya, təşkilat qurmaq barədə düşünməmişik. Bəlkə gələcəkdə ola bilər, ancaq hal-hazırda bu barədə söhbətlərimiz olmayıb.

Günay Turan 

 

 

Nərgiz Yaqublunun müsahibəsi

 

 

 

 

 

 

 

 

 

Şərhlər : 1 Şərh yaz
Leman 26 noyabr 2012 02:56  
oxudum, çox bəyəndim. Həqiqətən bu inqilabçı xanımı tanımaq mənə xoş oldu. Davamlı olsun, Günay xanm.
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti